Oxu.Az aparıcı Ülvira Qarayevanın kult.az saytına müsahibəsini ixtisarla təqdim edir.
– Kənardan baxanda belə təəssürat yaranır ki, dünya vecinizə deyil. Elə bil, həyatı beşgünlük fəlsəfə ilə yaşayırsınız. Doğrudan belədir, yoxsa əslində, daxilən başqa cürsünüz?
– Düzünü deyim ki, ciddi insanları xoşlamıram. Dünyanın bütün pis işləri ciddi üz ifadəsi ilə törədilir. Gülərüz insanlarla ünsiyyət daha rahatdır. Yeri gəlmişkən, sizə qarşılıqlı sual: proqramımda da bivec görünürəm?
– Hətta fikirləşirəm ki, görəsən, Ülvira xanım ağlaya bilir?
– Proqrama baxın, görərsiniz. Məsələn, son dəfə aşıqlar studiyada olanda ağladım. Aşıq musiqisi və ən çox da muğam məni ağladır.
– Bəzən xarici kanallarda aparıcıların başına qeyri-adi hadisələr gəlir. Gah səsləri tutulur, gah ayaqları ilişir yıxılırlar, gah paltarlarında problem yaranır.
– Hə, aparıcılarda o qədər olur ki...
– Sizdə nə vaxtsa belə şey olub?
– Bir dəfə dekor uçdu. (gülür)
– Bəs vəziyyətdən çıxmaq üçün nəsə elədiniz?
– Arxadakı dekor uçdu, mən danışığıma ara vermədən durduğum yeri dəyişdim, led ekran tərəfə keçdim. Bir müddət həmin yerdən verilişi apardım, bu müddət ərzində dekor artıq yenidən quruldu. Hətta tamaşaçı nə olduğunu hiss eləmədi.
– Bəs sizcə, necə kişi qadını xoşbəxt eləyə bilər?
– Aha! Mən bilirəm, nə cür kişi qadını xoşbəxt edə bilər. Deyim. Dilinə, əlinə, belinə sahib çıxan, qərar qəbul eləməyi və sonadək qərarına sahib çıxmağı bacaran. Və mütləq yetərincə vəhşi.
– Necə yəni vəhşi?
– Vəhşi kişilərdən xoşum gəlir. Yəni gəzməkdə, yeməkdə, qazanmaqda, qalibiyyətdə, uduzmaqda, münasibətlərdə – hər şeydə yetərincə vəhşi, doğal olmalıdır. Ütülənmiş, çox səliqəli, standart düşüncəli kişi maraqsızdır.
– Sizcə, hansı qəbulediləndir: qeyri adi və çirkin, yoxsa standart, amma gözəl qadın obrazı?
– Qadın gözəl olmalıdır, vəssalam! Çirkin olmaq olmaz! Ən az işıqlı və baxımlı olmalıdır və bunu da hamı bacara bilər.
– Cəsarətinizlə bağlı başınıza gələn maraqlı hadisə var yəqin. Lütfən danışın görək, neyləmisiniz.
– Bir dəfə Naxçıvanda qalanda silah anbarı partlamışdı. İnsanlar qorxularından evin zirzəmisinə doluşub, qışqırırdılar. Çox çətin bir vəziyyət idi. Bir qismini dilə tutub, zirzəmidən çıxartdım və o zonadan uzaqlaşmalarına nail oldum. Qorxmamışdım, əksinə, beynim buz kimi idi. Ekstremal situasiya məni soyuqqanlı edir.
– Ülvira xanım, sizə ən maraqlı evlilik təklifi necə olub?
– Mənə evlilik təklifi olmayıb.