“Keçmişimlə bağlı kompleksim var. Arxiv foto və videolarıma baxa bilmirəm. Baxanda özümdən xoşum gəlmir. Həyatımın formalaşmış vaxtı indidir. Baxıram ki, bədənim formadadır. Kostyum və köynək geyinəndə əynimdə yaxşı oturur. Əvvəl isə belə deyildi”.
Oxu.Az xəbər verir ki, bu sözləri məşhur müğənni Zamiq Hüseynov “MTV Azərbaycan” televiziyasında yayımlanan “Ulduzun vaxtı” proqramında komplekslərindən söhbət açarkən deyib.
Karantin dövründə toy mərasimlərinin olmaması sənətçiyə də təsirsiz ötüşməyib. Buna rəğmən Z.Hüseynov həmkarlarından fərqli olaraq, şou proqramlara getməyəcəyini açıqlayıb. O, bunun səbəbini isə fonoqram ifaları ilə bağlayıb:
“Toylar keçirilməsə də, şou proqramlar davam edir. Amma şou proqramlara getməyəcəyəm. Nə qədər mümkündürsə, özümü saxlayacağam. Canlı oxumağı sevirəm. Fonoqramla çıxış etməyi sevmirəm.
Şou proqramlarda məcbur fonoqram oxuyursan. Hər yerin özünəməxsus səslənməsi var. Çıxış edərkən fonoqramla paralel özüm də oxuyuram. Oxumasam, ürəyim partlayar. Elə müğənnilər var ki, onlar fonoqramla paralel oxumurlar, sadəcə pıçıldayırlar. Evimə çörək aparsam da, şou proqramlarda oxuduğum fonoqrama görə özümü sevmirdim”.
Rəşad Əliyev