Teleaparıcı Günel Hümbətovanın İTV-dən uzaqlaşdırılması barədə xəbərlər yayılıb. Kanalın İctimaiyyətlə əlaqələr şöbəsindən Günelin İTV-dən uzaqlaşdırılması barədə xəbərini görən teleaparıcı açıqlama vermək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, Günel Hümbətova show.az-a açıqlamasında belə məlumatın yayıldığı üçün təəssüfləndiyini bildirib.
“Əgər işdən uzaqlaşdırılmağımla bağlı verilən məlumat həqiqətən İTV-dən verilibsə, onda yalnız bir şey deyə bilərəm. Bu xəbər təəssüf və təbəssümdən başqa bir hiss doğurmur.
Bir şey əlavə edə bilərəm. 3 ay ərzində İTV-nin dəvəti ilə kanalda çalışdım, lakin razılaşdığımız maaşdan bir qəpik belə mənə pul ödənilmədi. Mənim oradan öz qərarımla uzaqlaşmağıma əsl səbəb də budur. Bir aparıcı kimi kanaldan qazandığım pulu istəməyimə baxmayaraq, mənə maaş ödənilmədiyi üçün öz istəyimlə artıq əməkdaşlığımızı davam etdirmədim”.
Əməkhaqqının ödənilməsini tələb edən teleaparıcı telekanalı müqavilənin şərtlərini yerinə yetirməyə çağırıb.
“Mən dəvət olunanda, hər şeyin müqavilə əsasında yerinə yetiriləcəyinə dair söz verilmişdi. Üç aylıq müqavilədə göstərilən maaş ödənilmədi.
Aparıcılığım həm kanalın özü, həm də digər şəxslər tərəfindən bəyənilirdi. Hətta Milli Teleradio Şurasının iki ay öncə çağırdığı müzakirədə, İTV-nin Musiqi departamenti şöbəsində yeganə aparıcı idim ki, yüksək qiymətləndirilmişdim.
Onu da qeyd edim ki, heç mənə kanal tərəfindən işdən çıxarılmağım barədə məlumat da verməyiblər.
Elə indi də telekanaldan müqavilənin şərtlərini yerinə yetirilməsini və haqqımın ödənilməsini tələb edirəm”.
Rəylər