"İranın ABŞ-nin Avropadakı hərbi bazalarını hədəfə almaqla bağlı xəbərdarlıqları qarşıdurmanın Yaxın Şərq coğrafiyasından kənara çıxması riskini gündəmə gətirir".
Bunu Oxu.Az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

O bildirib ki, SEPAH-ın Qeşm adası yaxınlığında ABŞ-yə məxsus iki pilotsuz uçuş aparatını (PUA) elektron müharibə vasitələri ilə zərərsizləşdirdiyini açıqlaması və ABŞ-nin adaya məhdud zərbələr endirməsi gərginliyin artıq hərbi müstəvidə davam etdiyini göstərir:
"Bununla belə, PUA-larla bağlı İranın iddiaları ABŞ tərəfindən təsdiqlənməyib. Tehranın Avropadakı ABŞ bazalarını hədəf göstərməsi ilk növbədə Vaşinqtona və onun "qoca qitə"dəki müttəfiqlərinə siyasi-hərbi təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Lakin belə bir hücumun reallaşması İran üçün də son dərəcə ağır nəticələr doğura bilər. Çünki Avropa ərazisindəki hərbi obyektlərə zərbə endirilməsi münaqişəyə yeni dövlətlərin cəlb olunması riskini artıracaq. Xüsusilə NATO üzvü olan ölkələrin ərazisində hücum baş verərsə, kollektiv müdafiə mexanizmlərinin müzakirəsi gündəmə gələ bilər. Bununla belə, NATO-nun birbaşa hərbi müdaxiləsi avtomatik deyil, hücumun xarakterindən və müttəfiqlərin siyasi qərarından asılı olacaq. İranın belə bir addımı regionda onsuz da mürəkkəb olan təhlükəsizlik vəziyyətini daha da ağırlaşdıra bilər".
Ekspertin sözlərinə görə, əgər İran ABŞ-nin Avropadakı bazalarına real zərbələr endirərsə, Vaşinqtonun cavabı hücumun miqyasından, vurulan ziyandan və Birləşmiş Ştatların hərbçiləri arasında itkilərin olub-olmamasından asılıdır:
"İlk mərhələdə ABŞ Avropadakı hərbi obyektlərin mühafizəsini gücləndirə, əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirə və müttəfiqləri ilə birgə təhlükəsizlik tədbirlərini genişləndirə bilər. Daha ciddi hücum, xüsusilə insan tələfatı baş verərsə, İranın prosesdə iştirak edən hərbi infrastrukturlarına qarşı cavab əməliyyatları da mümkün ssenarilər sırasındadır. Lakin burada əsas məsələ qarşılıqlı zərbələrin nəzarətdən çıxaraq daha geniş müharibəyə çevrilməsinin qarşısını almaqdır. ABŞ-nin eyni zamanda diplomatik təzyiqləri və iqtisadi sanksiyaları artırması da mümkündür. Nəzərə almaq lazımdır ki, İranın Avropa istiqamətində birbaşa hərbi əməliyyatlara başlaması onun beynəlxalq təcridini dərinləşdirə və Avropa dövlətlərinin Tehrana münasibətdə daha sərt mövqe tutmasına səbəb ola bilər. Bu baxımdan qarşıdakı dövrdə əsas təhlükə yalnız ayrı-ayrı hərbi zərbələr deyil, həmin zərbələrin qarşılıqlı cavab tədbirləri nəticəsində daha geniş beynəlxalq təhlükəsizlik böhranına çevrilməsidir".