Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“ABŞ-nin Azərbaycandakı agentura şəbəkəsinin ifşası istiqamətində tədbirlər görüləcək” - RƏY
“ABŞ-də təhsil almış azərbaycanlı məzunların Bakı toplantısı nəzarətdədir, onların ifşası istiqamətində tədbirlər görüləcək”.
Bu barədə “Report”a Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
“Çox təəssüf edirəm ki, ABŞ Azərbaycana qarşı bizdən asılı olmayan səbəblərdən qərəzli və ədalətsiz münasibətini davam etdirməkdədir. Son vaxtlar erməni diasporunun hərəkətə gətirdiyi ABŞ-nin dövlət qurumlarında çalışan erməni lobbisi, sözün həqiqi mənasında ölkəmizə qarşı Səlib yürüşündədir. Dünyada ədalətli dövlət kimi tanıdığımız ABŞ-nin siyasətini gördükcə, onların dünyada törətdiyi faciələri müşahidə etdikcə, onun əsl üzü ortaya çıxır. ABŞ dünyada artıq jandarm rolunu oynamaqdadır. Azərbaycanın 44 günlük Vətən müharibəsi və 19-20 sentyabr lokal antiterror tədbirlərində qazandığı uğurlar, beynəlxalq aləmdə nüfuzunun artması, dostlarının çoxalması dünyada, o cümlədən ABŞ-də olan erməni lobbisini çox ciddi narahat etməkdədir. Bir neçə gün əvvəl Senatda “Qarabağın gələcəyi” kimi absurd mövzu ətrafında dinləmələrin keçirilməsi, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin sərsəm açıqlamaları bizdə çox ciddi təəssüf hissi doğurdu”, - F.Ağamalı bilidirib.
Onun sözlərinə görə, səfirlik vasitəsilə ABŞ-də təhsil almış azərbaycanlı məzunlarla görüş keçirilməsi növbəti təxribatın başlanğıcından xəbər verir:
“Bir neçə gün öncə “Abzas Media” xəbər portalı və onun ətrafında olan milli satqınların ifşa olunması, onların həbsi ABŞ-ni ciddi şəkildə narahat edib. Ona görə də vaxtilə məzun olmuş şəxslərin toplantısını keçirmək niyyətindədir. Bu toplantıya da əcaib ad verib: “Məzunların yubiley qalası”. Hansı yubileydən söhbət gedir? İndiyə qədər bu yubileylər niyə keçirilmirdi? Dünyanın istənilən ölkəsində, o cümlədən ABŞ-də azərbaycanlılar müxtəlif vaxtlarda təhsil alıblar. Lakin onların indiyə qədər görüşü keçirilməyib. Deməli, məqsəd ayrıdır. Reallıqda bu, ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir. Onlara lazımi təlimatlar veriləcək. Bu təlimatların arxasında Azərbaycana qarşı məkrli planlar dayanır. Şübhəsiz ki, onlar müxtəlif tapşırıqlarla fəaliyyətə başlayacaqlar. Düşünürəm ki, bu, heç bir nəticə verməyəcək”.
Deputat qeyd edib ki, son günlərdə Azərbaycanla ABŞ arasında siyasi gərginlik hiss olunur. Onun sözlərinə görə, bu gərginliyin nəticəsi olaraq, istər Qərbdən, istərsə də ABŞ-nin özündən ölkəmizə qarşı ikili standartlar sərgilənir:
“Arzu edərdik ki, ABŞ ilə Azərbaycan yüksək səviyyədə əməkdaşlıq etsin. Ata və oğul Corc Buşların zamanında iki dövlət arasında yaxşı münasibətlər olub. Respublikaçılarla dövlətimiz arasında indiyə qədər problem yaşanmayıb. Ancaq Barak Obamadan başlayaraq Azərbaycanla münasibətlərdə gərginlik müşahidə olunur. Onlar erməni diasporu və erməni lobbisinin ciddi təsiri altındadırlar. Onların karyerasının formalaşmasında ermənilər əhəmiyyətli rol oynayıblar, indi də onun əvəzini qaytarmağa çalışırlar. Bu gün Azərbaycan güclü dövlətdir, beynəlxalq hüquq normalara söykənərək, haqq-ədalətə əsaslanaraq separatizmə son qoyub, öz torpaqlarını geri qaytarıb, hərbi xunta rejiminin kökünü kəsib, dövlətimizə qarşı cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb edib. Güc strukturlarımız, hüquq-mühafizə orqanları ölkədəki vəziyyəti izləyir, nəzarətdə saxlayır”.
“Əldə etdiyimiz məlumata görə, Azərbaycanın hüquq-mühafizə orqanları artıq məsələdən məlumatlıdır. İştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü bildirilir. Bizə düşmən kəsilənlər unutmasınlar ki, bu gün Azərbaycan əhalisinin 95 faizindən çoxu dövlətimizin yanındadır, hakimiyyətin siyasətini dəstəkləyir. Bizim cəmiyyətimiz həmrəydir, bu amili onlar unutmasınlar”, - F.Ağamalı əlavə edib.
Qeyd edək ki, noyabrın 27-də ABŞ-nin Azərbaycandakı səfirliyinin ABŞ-də təhsil almış azərbaycanlı məzunlarla Bakıda məşhur “JW Marriott Absheron” hotelində görüş keçirəcəyi barədə məlumatlar yayılıb.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu" mövzusunda panel keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
- Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT