ABŞ və Ukrayna prezidentləri - Donald Tramp ilə Volodimir Zelenski arasında keçirilən görüş beynəlxalq ictimaiyyətin və medianın diqqət mərkəzindədir. Rusiya-Ukrayna müharibəsinin kritikləşdiyi bir vaxtda tərəflər arasında aparılan müzakirələr, Kiyevə mümkün yeni silah yardımları və Vaşinqtonun müharibəyə yanaşmasında baş verən dəyişikliklər regiondakı vəziyyətə təsir edə biləcək əsas amillər kimi qiymətləndirilir. Xüsusilə Tramp Administrasiyasının əvvəlki dövrlərlə müqayisədə Rusiya ilə bağlı mövqeyində hansı dəyişikliklərin olduğu və bunun müharibənin gedişatına necə təsir göstərəcəyi suallar doğurur.
Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə şərhçi Toğrul İsmayıl Oxu.Az-a açıqlamasında bildirib ki, Vaşinqtonda Donald Tramp ilə Volodimir Zelenski arasında keçirilən son görüş sadəcə növbəti diplomatik təmas deyil:

"Bu görüş göstərdi ki, ABŞ-nin Ukrayna siyasətində müəyyən korrektələr baş verir. Lakin bunu Vaşinqtonun Rusiyaya qarşı tamamilə yeni strategiyaya keçməsi kimi qiymətləndirmək hələ tezdir".
Politoloq vurğulayıb ki, görüşün əsas mövzuları üç istiqamətdə cəmləşib:
"Birincisi, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, xüsusilə "Patriot" sistemləri və onların raketlərinin istehsalı məsələsi idi. İkincisi, Rusiya ilə sülh danışıqlarının yenidən canlandırılması müzakirə olundu. Üçüncüsü isə ABŞ-Ukrayna hərbi-texniki əməkdaşlığının daha uzunmüddətli əsaslara keçirilməsi gündəmə gəldi. Patriot sistemləri ilə bağlı qərarın xüsusi əhəmiyyəti var. Bunlar cəbhədə hücum silahı deyil, strateji müdafiə vasitəsidir. Onların əsas məqsədi Rusiyanın ballistik raket və hava zərbələrinin effektivliyini azaltmaqdır. Əgər Ukrayna bu sistemlərin hazırlanmasına və ya birgə istehsalına başlaya bilsə, bu, onun xarici tədarükdən asılılığını müəyyən qədər azaldacaq, müharibənin uzanması halında müdafiə imkanlarını gücləndirəcək. Lakin bu silahlar müharibənin taleyini təkbaşına dəyişəcək "möcüzə silah" deyil. Onlar daha çox Rusiyanın üstünlük əldə etməsinin qarşısını almağa xidmət edəcək".
"Ən çox verilən suallardan biri isə Trampın niyə Rusiyaya yaxın görünən mövqedən Ukraynaya daha çox dəstək verən xəttə keçməsidir. Məncə, burada emosional deyil, geosiyasi məntiq axtarmaq lazımdır. Birincisi, Tramp gözləyirdi ki, Vladimir Putin onun sülh təşəbbüslərinə daha konstruktiv yanaşacaq. Lakin Moskvanın hərbi əməliyyatları davam etdirməsi Vaşinqtonda belə bir qənaət yaratdı ki, Kreml danışıqları vaxt qazanmaq vasitəsinə çevirir. İkincisi, ABŞ üçün əsas məqsəd Rusiyanı tam məğlub etmək deyil, onu danışıqlara məcbur edəcək balans yaratmaqdır. Bunun üçün Ukraynanın zəifləməsinə imkan vermək Vaşinqtonun maraqlarına uyğun deyil. Üçüncüsü, Tramp daxili siyasəti də nəzərə alır. ABŞ Konqresində Rusiyaya qarşı daha sərt sanksiyalar və Ukraynaya dəstək istiqamətində güclü siyasi konsensus formalaşıb. Bu da Ağ Evin manevr imkanlarını məhdudlaşdırır. Nəticə etibarilə hesab edirəm ki, Trampın siyasətində strateji deyil, taktiki dəyişiklik müşahidə olunur. Onun əsas məqsədi əvvəlki kimi müharibəni sonsuz davam etdirmək deyil, Rusiyanı daha ciddi güzəştlərə məcbur edə biləcək danışıq mühiti formalaşdırmaqdır. Bunun üçün isə Ukraynanın hərbi baxımdan ayaqda qalması vacibdir. Yəni, Vaşinqtonun mesajı aydındır: sülh yalnız güc mövqeyindən mümkündür. Məhz Patriot sistemləri, yeni hərbi dəstək və Ukraynanın müdafiə potensialının artırılması da bu strategiyanın əsas elementlərindən biri kimi qiymətləndirilməlidir", - deyə müsahibimiz əlavə edib.
ABŞ-li politoloq Con Kavuliç isə Oxu.Az-a açıqlamasında bildirib ki, 27 iyul 2026-cı il tarixində Tramp-Vens administrasiyası ABŞ Konqresi tərəfindən əvvəllər təsdiqlənmiş təxminən 400 milyon ABŞ dolları həcmində hərbi yardımın çatdırılmasını 2029-cu ilə qədər təxirə salındığını elan edib:

"Zelenski bildirib ki, Trampla "Patriot" zenit-raket kompleksləri üçün ələkeçirici raketlərin tədarükünü, bu raketlərin Ukraynada lisenziya əsasında istehsalını, kəşfiyyat dəstəyinin davam olunmasını, həmçinin Rusiya Federasiyasına və onunla əməkdaşlıq edən ölkə və şirkətlərə qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib. "Patriot"lardan ibarət kifayət qədər ehtiyatın yaradılması Ukrayna üçün prioritet olaraq qalır. Lakin hər bir raketin qiymətinin təxminən 3 milyon ABŞ dollarından çox olması səbəbindən istehsal imkanları (çünki onların hazırlanması uzun vaxt aparır), maliyyələşdirmə və ABŞ Müdafiə Nazirliyinin mövcud münaqişələrdə və potensial gələcək münaqişələrdə istifadə etmək üçün öz ehtiyatlarını qorumaq zərurəti bu sahədə ciddi məhdudiyyətlər yaradır".
"Lakin Prezident Trampın Rusiya-Ukrayna müharibəsinin nəticəsi ilə bağlı mövqeyini mütləq şəkildə dəyişdiyini söyləmək mümkün deyil. O, daha çox qalib görünən tərəfə yaxınlaşmağa meyllidir. Lakin burada "qalib gəlmək" anlayışını dəqiq müəyyənləşdirmək vacibdir. Prezident Tramp Ukraynanın 2014-cü ildən bəri Rusiya tərəfindən işğal edilmiş bütün əraziləri hərbi yolla geri ala biləcəyinə inanırmı? Xeyr. Bəs 2026-cı ildə Ukrayna silahlı qüvvələrinin əldə etdiyi uğurlar Prezident Putini müharibənin başa çatdırılması üçün danışıqlara razı salacaq bir katalizator ola bilərmi? Bəli. Bununla belə, Tramp hələ də Zelenskidən daha çox Putinlə ortaq cəhətlərə malikdir. O hesab edir ki, Putinin malik olduğu səlahiyyətlər onun üçün daha cəlbedicidir və Rusiya Federasiyası ilə münasibətlərin yenidən qurulması ABŞ-nin maraqları baxımından Ukrayna ilə bağlı məsələlərdən daha əhəmiyyətli olacaq", - deyə analitik vurğulayıb.