"Azərbaycan klubunun öz ənənəvi oyun üslublarına sadiq qalacaqlarını düşünürük və biz də "Qarabağ"a maksimum dərəcədə müqavimət göstərməyə çalışacağıq".
Oxu.Az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bunu "ÇSKA Sofiya"nın baş məşqçisi Xristo Yanev "Qarabağ"la cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında bildirib.
"Uğur qazanmaq və qol vurmaq üçün birinci oyundakı çıxışımızı bir daha nümayiş etdirməli və daha artığını etməliyik.
Mən heç vaxt komandanı hücum və müdafiə xətlərinə ayırmamışam. Hamımız meydanda kollektivin yaxşı təsir bağışlamasına və güclü tərəflərimizi nümayiş etdirməyə diqqət yetiririk.
"Qarabağ"la oyunun əhəmiyyətini və rəqibin ciddiliyini dərk edirik, xəyallara qapılmırıq, reallığa əsaslanırıq. Futbolda hər şey mümkündür. Keyfiyyətli oyunçularımız var və öz gücümüzə inanmalıyıq. İlk oyunda bizi narahat edəcək kifayət qədər məqamlar gördük. Onların güclü futbolçuları, təcrübəli baş məşqçisi və fərqli oyun üslubu var. Rəqibin nə etdiyini dərindən analiz etmişəm, lakin bizim də yüksək səviyyəli oyunçularımız kifayət qədərdir", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Bakıda "ÇSKA Sofiya" ilə heç-heçə edib (0:0). Təkrar oyun iyulun 30-da Bolqarıstanda baş tutacaq.