Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ təşkilatının Ermənistanda tapdığı “həqiqət” - Ermənilərin qarantı Rusiya deyil, Fransadır? - ŞƏRH + FOTO
Dünyada Ermənistan və onun cəmiyyəti qədər prioritetlərini sürətlə dəyişən ikinci bir dövlət yoxdur. Əslində bu, normal qarşılanmalıdır. Hər bir dövlət öz maraqlarına və mənafeyinə uyğun hərəkət edir, qərarlar verir. Ermənistan isə yeganə dövlətdir ki, bu prinsiplərdən uzaqdır.
Götürək, elə İrəvanın Rusiya ilə münasibətlərini. Ermənistan mövcudluğu üçün məhz Kremlə borclu olmalıdır, rusların sayəsində dövlət qurub, tanınıb. Tarixdə mövcud olan yeganə Ermənistan dövləti Rusiyanın adı ilə bağlıdır. Azərbaycan torpaqlarının işğalında Moskvanın İrəvana verdiyi dəstək isə misilsizdir.
İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyət isə bu “sevgini” alt-üst etdi. Baş nazir Nikol Paşinyan hökuməti problemlərinin səbəbini Moskvada görüb ona qarşı total hücuma keçib, Kremllə bağlı bütün strukturlardan çıxmağı prioritet elan edib.
Yeri gəlmişkən, Qərb strukturları da bu məsələdə ona dəstək verir, anti-Rusiya fəaliyyətini genişləndirir, nəzarətində olan strukturlar vasitəsilə müxtəlif sorğular keçirir.
Erməni mediasında yer alan xəbərlərə görə, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Analitik Tədqiqatlar Mərkəzi (CISR) Ermənistanda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Əldə olunan nəticələr çox güman ki, tək ölkədə deyil, onun hüdudlarından kənarda da geniş müzakirə olunacaq. Rusiya ilə gərginlik fonunda keçirilən sorğu Ermənistan vətəndaşlarının prioritetlərini ortaya qoyub. Respondentlərə hansı ölkəni təhlükəsizlik qarantı kimi gördükləri, hansı siyasətçiyə güvəndikləri, ölkənin düzgün istiqamətdə gedib-getməməsi və s. məsələlərlə bağlı suallar ünvanlanıb.
Davamlı olaraq postsovet ölkələrinin daxili işlərinə qarışan, təxribatlar törədən, qarşıdurmalar yaradan mərkəzin keçirdiyi sorğunun nəticələrinə nəzərə salaq:
- Ermənistanda əhalinin 60 faizi heç bir siyasətçiyə güvənmir.
- baş nazir Nikol Paşinyanı müdafiə edənlər cəmi 17 faizdir.
- respondentlərin 50% faizi ölkənin düzgün, 39 faiz isə səhv yolda olduğunu düşünür. 12 faiz bu suala cavab verməkdə çətinlik çəkib.
- Ermənistanın üzləşdiyi əsas problemlər sırasında 47 faiz milli və sərhəd təhlükəsizliyini, iqtisadiyyatı, 23 faiz işsizliyi, 19 faiz isə siyasi qeyri-sabitliyi göstərib.
Keçək əsas məsələyə. “Hansı ölkəni Ermənistan üçün ən mühüm siyasi tərəfdaş hesab edirsiniz” sualına respondentlərin 61 faizi Fransanı göstərib. Bu bənd üzrə Rusiyanın adını çəkən respondentlərin sayı 34 faiz olub.
Digər mühüm bir nəticə Ermənistan üçün ən böyük iqtisadi təhlükə yaradan dövlətlərlə bağlıdır. İlk yerdə 54 faizlə Türkiyə gəlib. Rusiyaya gəldikdə, respondentlərin 51 faizi Kremli Ankaradan sonra ikinci böyük təhlükə kimi görüb. Respondentlərin 5 faizi İranın adını çəkib.
Ermənistanla ABŞ arasında münasibətlərin hazırkı vəziyyətini respondentlərin 89 faizi yaxşı göstərib. Aİ ilə münasibətləri 87, Rusiya ilə münasibətləri 66 faiz pis adlandırıb.
44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusuna münasibət də fərqlidir. Respondentlərin 33 faizi ordudan narazı olduğunu vurğulayıb. Məhkəmələrdən narazı olanların sayı da artıb. Bu göstərici 50 faiz təşkil edib.
Son altı ayda Ermənistanda söz azadlığı ilə bağlı vəziyyətə gəldikdə 19 faiz respondent “pisləşib” cavabını verib.
Beləliklə, sorğunun nəticələri bir sıra məqamları üzə çıxarıb.
Birincisi və ən mühüm olan odur ki, Rusiya Ermənistanda dominant mövqeyini itirib. İrəvan üçün artıq Moskva deyil, Paris əhəmiyyətlidir. Görünən odur ki, Yelisey sarayı İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətdən sonra Ermənistanda artan anti-Rusiya əhvali-ruhiyyədən ustalıqla yararlanıb. Emmanuel Makron hakimiyyəti erməniləri inandıra bilib ki, fransızlar onların təhlükəsizliyinin qarantı ola bilər. Rusiya da sözsüz k, bu mesajdan dərs çıxacaq.
İkincisi, sorğu Ermənistanda daxili siyasi gərginliyi də üzə çıxarıb. Söhbət hakimiyyətə olan inamın azalmasından gedir. Nikol Paşinyanın əvvəlki dövrlə müqayisədə reytinqinin aşağı düşməsi də mühüm nəticədir. Əhalinin 60 faizinin heç bir siyasətçiyə güvənmədiyi də ciddi mesajdır. Bir vaxtlar reytinqi pik həddə olan baş nazir Nikol Paşinyanı müdafiə edənlərin cəmi 17 faiz olması da maraqlıdır. Lakin məsələ ondadır ki, hazırkı komandaya alternativ də yoxdur. Məsələn, keçmiş prezident Robert Koçaryana dəstək cəmi 3 faizdir.
Üçüncüsü, Ermənistanda məhkəmələrə, söz azadlığına da inamın azalması ciddi siqnaldır. Halbuki ABŞ dünən İrəvana demokratiyanı inkişaf etdirmək adı altında 52 milyon dollar yardım ayırıb.
Sorğudan ortaya çıxan əsas nəticə ondan ibarətdir ki, erməni cəmiyyəti hələ də, ölkənin prioritetlərini müəyyən etmək iqtidarında deyil. Onlar mövcud problemlərinin həllini qonşu ölkələrə qarşı ərazi iddialarından geri çəkilməkdə, dialoqda, mehriban qonşuluq əlaqələri qurmaqda deyil, min kilometrlərlə uzaqda yerləşən dövlətlərə sığınmaqda, onların sifarişi ilə hərəkət etməkdə görürlər. Halbuki məhz Fransa Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına mane olur, iki xalqın dinc və birgə yaşayışına qarşı çıxır.
“Report” İnformasiya Agentliyi
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb
- Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb