Rusiya Müdafiə Nazirliyi RF və ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Bakıda keçirəcəkləri görüş barədə məlumat yayıb.
Oxu.Az-ın xəbərinə görə, Rusiya MN-nin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, fevralın 16-da Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla görüşü planlaşdırılır.
“Razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir. Bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılacaq”,- deyə məlumatda bildirilib.
19:34
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Qerasimov fevralın 16-da Bakıda görüşəcəklər.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunacaq.
“Hərbi liderlər müxtəlif spektrli məsələləri nəzərdən keçirəcəklər. Tərəflər potensial böhranların və yanlışlıqların qarşısının alınması üçün hərbçilər arasında daimi və aydın ünsiyyətin vacibliyini müzakirə edəcəklər”, - məlumatda deyilir.
S.B.
www.oxu.az