Qarabağda keçirilən antiterror əməliyyatının indiyədək məlum olmayan bir sıra detalları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Anar Eyvazov danışıb.
O bildirib ki, cəmi bir gün ərzində 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarət altına alınıb:
"Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla şəxsi heyət sarıdan itki verdi.
Bəzi statistik məlumatlara da nəzər salınması zənnimcə yerinə düşər. 19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürülüb.
Əməliyyatın xüsusiyyətlərindən söhbət açarkən qeyd etməliyəm ki, Ordumuzun bölmələri yaşayış məntəqələrinə daxil olmadı və erməni əsilli mülki əhali ilə təmasa girmədi.
Geniş cəbhədə və iti sürətli keçirilən əməliyyat zamanı düşmənə çox güclü atəş və REM təsiri göstərildi ki, bunun nəticəsində də bölmələrimizin qısa müddətdə ön döyüş mövqelərini düşməndən təmizləyərək sürətlə dərinliyə irəliləməsi təmin olundu. Əməliyyatın gündüz başlamasına və əlverişsiz hava şəraitində, dağlıq-meşəlik ərazidə keçirilməsinə baxmayaraq, bölmələrimizin döyüş hazırlığı, yüksək idarəetmə və nail olduğumuz uzlaşma sayəsində qarşıya qoyulan bütün tapşırıqlar vaxtında və uğurla yerinə yetirildi. Bu gün tam səmimiyyətlə deyə bilərik ki, antiterror əməliyyatı üzrə planda nəzərdə tutulan tapşırıqların icrasının qısa zaman ərzində təmin olunmasında zabit, gizir və əsgər heyətinin peşəkarlığı və əvvəlki döyüş əməliyyatlarında qazandığımız təcrübə böyük rol oynadı".
Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI