Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Antiterror tədbirlərinin QƏHRƏMANLARI: Onlara veteran statusu, xüsusi medallar veriləcək? - ARAŞDIRMA + FOTO
19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bütün ölkə ərzisində bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 204 hərbi qulluqçusu və bir mülki şəxs şəhid olub. Hərbi qulluqçuların 203-ü antiterror tədbirləri zamanı şəhadətə ucalıb, biri isə döyüşlərdən sonra müalicə aldığı hospitalda həyatını itirib.
Bildirilir ki, antiterror tədbirlərində demək olar ki, bütün qoşun növlərində xidmət edən hərbçilər qatılıblar. Şəhidlərə və onların ailələrinə müvafiq statusun verilməsi təmin edilsə də, antiterror tədbirlərinin iştirakçılarının hansı status alacağı, onlara hansı imtiyazların və mükafatların, o cümlədən orden və medalların veriləcəyi haqqında hələlik suallar mövcuddur.
Cəmiyyətdə səsləndirilən fikir və təkliflərə əsasən, antiterror tədbirlərinin iştirakçıları da veteran statusu ala bilərlər. Həmçinin, müvafiq olaraq, Xankəndinin, Ağdərənin və Xocalının azad olunmasına görə müvafiq medalların təsis edilməsi də təklif olunan müvafiq addımlar siyahısındadır.
Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq, bildirilib ki, “Müharibə veteranı” adı və statusu şəxsin xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) yerdən asılı olaraq, aidiyyəti qurumlar tərəfindən verilir.
Maraqlıdır, bəs bununla bağlı qanunverici orqan olan Milli Məclisdə hansısa müzakirələr aparılırmı və təkliflər verilibmi?
Oxu.Az-a açıqlama verən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranı Arzu Nağıyev lokal antiterror tədbirlərində iştirak edən hərbçilərlə bağlı təmsil etdikləri qurumun müvafiq raportları, təqdimatları, sənədləri əsasında qərar verilə bilər. Beləliklə, hərbçilərə istər “veteran”, istər “iştirakçı” adının verilməsi Azərbaycanın müvafiq qanununa uyğun həyata keçirilə bilər:
“Məsələn, Müdafiə Nazirliyinin tərkibində olan hansısa briqadalar hərbçilər haqqında məlumatları nazirliyə təqdim etməli, Müdafiə Nazirliyi isə Nazirlər Kabinetinə bildirməlidir ki, qərarlar qəbul olunarkən bu nəzərə alınsın. Allah şəhidlərimizə rəhmət etsin! Onlara şəhid statusu verilib, ailələri şəhid ailəsi kimi rəsmiləşib. Antiterror tədbirlərində qazilərimiz, qəhrəmanlıq göstərən hərbçilərimiz də var. Hesab edirəm ki, bizim bütün şəhid ailələrinin və qazilərin imtiyazları antiterror tədbirlərinin iştirakçılarına da şamil ediləcək. Veteran və digər statusların verilməsinə isə qeyd etdiyim kimi, müvafiq təhlillərdən, təqdimatlardan sonra baxıla bilər”.
Xankəndinin, Ağdərənin və Xocalının azad olunmasına görə müvafiq medalların təsis edilməsi təkliflərinə gəlincə, deputat vurğulayıb ki, bunun üçün “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilməlidir:
“Bilirsiniz ki, Azərbaycanda qanunvericilik təşəbbüsü hüququ Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikası Prokurorluğuna, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məxsusdur. Onların təqdimatı əsasında qanuna dəyişiklik edilməsi, yeni orden və medalların təsis olunması müzakirəyə çıxarıla bilər. Milli Məclisə belə bir sənədin daxil olub-olmadığı haqqında məlumatım yoxdur”.
Antiterror tədbirlərinin tarixə qızıl hərflərlə yazılası bir addım olduğunu vurğulayan komitənin digər üzvü, Xocalıdan olan deputat Elman Məmmədov da antiterror tədbirlərində qəhrəmanlıq göstərən hərbçilərimizin mükafatlandırılmasının tərəfdarıdır:
“Antiterror tədirlərində iştirak edənlərin hər birinin yüksək səviyyədə qəhrəmanlıq, igidlik, cəsarət nümayiş etdirdiyinə əminəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hər bir hərbi qulluqçumuzun xidməti xalqımız və Ali Baş Komandanımız tərəfindən yüksək qiymətləndirilir, dəyərləndirilir. Ona görə, qeyd etdiyimiz məsələ ilə bağlı da addımların atılacağını, müvafiq qərarların qəbul olunacağını düşünürəm. Biz növbəti dəfə hərbçilərimizin yüksək dəyərləndirildiyinə, ali təltiflərə layiq görüldüyünə şahid olacağıq”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə sözügedən məsələ haqqında hələlik konkret addım və qərar olmadığını söyləyib:
“Antiterror tədbirlərində iştirak edən hərbçilərə hansı imtiyazların, statusların, orden və medalların veriləcəyi haqqında dəqiq informasiya yoxdur. “Müharibə veteranı” statusunun verilməsi bununla bağlı müvafiq əsasnamədə qeyd edilib. Orden və medalların təsis edilməsi isə adətən, Ali Baş Komandanın müvafiq təqdimatı əsasında qanuna dəyişikliklərin müzakirəsi ilə həyata keçirilir. Orden və medalların kimlərə veriləcəyi də ölkə başçısının müvafiq fərman və sərəncamı olarsa, həyata keçirilir. Ona görə də bu məsələ haqqında hələlik dəqiq məlumat yoxdur”.
Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə antiterror tədbirlərində iştirak edən hərbçilərin status məsələsinin artıq həll edilməli olduğunu düşünür. Ü.Cəfərovun fikrincə, şəhid ailələri və qazilərlə bağlı məsələlərin həlli, onlara müvafiq statusların və imtiyazların verilməsi ilə bərabər, antiterror tədbirlərində iştirak edən hərbi qulluqçuların təltif edilməsi də aparıla bilər:
“Hərbçilərə veteran statusunun verilməsi, onların təltif olunması, orden və medallara layiq görülməsi ilə əlaqədar məqamlar həll edilməyib. Düzdür, Zəfər Günü ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən çox sayda hərbi qulluqçumuz mükafatlandırıldı. Amma bununla bağlı proseslərin davam etdirilməsi, antiterror tədbirlərində qəhrəmanlıq göstərən hərbçilərimizin ayrıca təltif edilməsi vacibdir.
Xankəndinin, Xocalının, Ağdərənin azad olunmasına görə medalların təsis edilməsi də önəmli məsələdir. Nəzərə almalıyıq ki, bütün bu ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinə, bütün torpaqlarımızda Konstitusiyamızın bərqərar olunmasına gətirib çıxardı. Bu məsələlərlə bağlı təklif və müraciətlər Milli Məclisdə dəyərləndirilməli, qərarlar verilməli idi. Düşünürəm ki, hazırda hər kəsin gözü və qulağı bu istiqamətdə veriləcək qərarlara, atılacaq addımlara fokuslanıb. Xalqın istəyinə Ali Baş Komandanın da müsbət yanaşacağına, hərbçilərimizin müvafiq şəkildə dəyərləndiriləcəyinə inanıram”.
Aysel Aslan
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Təhqir və böhtana məruz qalan şəxs hansı məhkəməyə müraciət edə bilər?
- Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər