"IV Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən olan KİV təmsilçilərini bir məkanda toplamağa yardım edir".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında tədbirin iştirakçısı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibinin müavini Zhang Ling deyib.
Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumu son dərəcə önəmli bir tədbirdir:
"Bu forum dünyanın dörd bir tərəfindən çox sayda media nümayəndəsini bir yerdə toplamağa imkan yaradır. Belə əhəmiyyətli bir hadisəyə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürümü ifadə etdim. Hesab edirəm ki, forumun mövzusu çox aktual və vacibdir. Biz burada bir suala cavab axtardıq. Sülhün dəstəklənməsi və inamın formalaşdırılmasında media hansı rolu oynamalıdır? Çox sayda çağırışla qarşılaşdığımız indiki dövr baxımından bu məsələ olduqca böyük əhəmiyyət daşıyır".
Z.Ling bildirib ki, bugünkü forumda müxtəlif media qurumları bir-biri ilə əməkdaşlıq imkanını yüksək dəyərləndirirlər:
"Fikrimcə, media ilə beynəlxalq təşkilatlar arasında ortaq missiya mövcuddur: dialoqu gücləndirmək, etimad formalaşdırmaq, insanlar arasında qarşılıqlı anlayışı möhkəmləndirmək. Bu, bugünkü dünya üçün son dərəcə vacibdir".