Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, mədəni, turizm və digər sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulandı, insan haqları məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanda bu istiqamətdə uğurlu işlərin həyata keçirildiyi bildirilərək ölkəmizdə sərbəst toplaşma azadlığı, media, fikir, internet və digər azadlıqların təmin olunduğu qeyd edildi.
Söhbət zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların olduğu vurğulandı.
11:20
Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Azərbaycanda səfərdədir.
Oxu.Az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, aprelin 7-si axşam saatlarında Bakıya gələn diplomatın səfəri aprelin 9-dək davam edəcək.
Azərbaycanda keçiriləcək görüşlər zamanı Avropa Qonşuluq Siyasəti İcmalı üzrə davam edən məsləhətləşmələr, “Şərq tərəfdaşlığı” üzrə Riqa sammiti və Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılacaq.
Xatırladaq ki, bu, Yohannes Hanın Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı vəzifəsinə təyin olunmasından sonra Bakıya ilk səfəridir.