Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Avropa Parlamentində AXC-nin 100 illiyi qeyd olundu
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi Strasburqda Avropa Parlamentində təntənə ilə qeyd olunub.
Oxu.Az xəbər verir ki, tədbiri Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolai açaraq deyib ki, tədbirdə siyasətə görə deyil, dostluğa görə toplaşılıb:
“Bu tədbir Azərbaycan və Avropa İttifaqı arasında dostluğun təcəssümüdür. Bu axşam dostluqdan danışacağam. Dostluğun çox sözə ehtiyacı yoxdur. Bu təntənəli tədbirdə aydın görürəm ki, dostluğumuz möhkəmdir”.
N.Nikolai ölkəmizin qədim tarixi, mədəniyyəti barədə danışaraq, bu gün Londonun Viktoriya və Albert, Parisin Lüvr, Vyananın zəngin muzeylərində Azərbaycanın milli sənət nümunələrinin nümayiş olunduğunu bildirib.
Milli Məclisin (MM) Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev isə bildirib ki, 100 il əvvəl müsəlman Şərqində ilk demokratik parlamentli Azərbaycan Respublikası yaranıb:
“Birinci Dünya müharibəsindən sonra Avropada mürəkkəb siyasi vəziyyət olduğu vaxtda, ölkəmiz müstəqilliyini elan edib, demokratik, hüquqi dünyəvi dövlət qurulub. İrqindən, cinsindən asılı olmayaraq, cəmiyyətin bütün üzvlərinin azadlığı və bərabərliyi təmin edilib. Bir çox Avropa ölkəsindən əvvəl qadınlara səsvermə hüququ verib”.
C.Feyziyev ilk parlamentimiz haqqında ətraflı məlumat verərək, 100 il bundan əvvəl parlamentin ilk plenar sessiyasının keçirildiyini, ən mühüm dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul edildiyini diqqətə çatdırıb.
O, 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edildiyini, iqtisadi çətinliklərə baxmayaraq, yüzlərlə tələbəyə təqaüd verilərək Avropa universitetlərində təhsil almağa göndərildiyini qeyd edib.
Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlıq komissiyasının sədri Sajjad Karim parlamentlərarası əlaqələrə toxunaraq, əlaqələrin möhkəmlənməsindən söz açıb.
O, Bakıda Azərbaycan parlamentinin 100 illiyinin təntənəli şəkildə qeyd olunduğunu xatırladıb. Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti haqqında video nümayiş olunub.
Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblının ifasında milli musiqilərimiz səsləndirilib.
Tədbirdə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Avropa Şurası yanında daimi nümayəndəliyin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, azərbaycanlı və avropalı deputatlar iştirak ediblər.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"