"Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qətnaməsi nə hüquqi, nə də siyasi baxımdan qəbulolunan deyil. Özünü məhkəmə, istintaq və hökmverici instansiya kimi aparan bu qurum faktlara deyil, siyasi sifarişlərə əsaslanan qərarlar qəbul edir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib.
O bildirib ki, qətnamədə adı çəkilən şəxslərlə bağlı məsələlər açıq manipulyasiyadır:
"Azərbaycanda heç kim elmi fəaliyyətinə, siyasi baxışına və ya etnik mənsubiyyətinə görə deyil, yalnız konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunur. Dövlətə xəyanət, milli təhlükəsizliyə qarşı fəaliyyət, xarici kəşfiyyatla əməkdaşlıq heç bir ölkədə "akademik azadlıq" və ya "siyasi fəaliyyət" anlayışı ilə pərdələnə bilməz. Bu baxımdan qətnamədə adları keçən Bəhruz Səmədov və İqbal Abilov barəsində irəli sürülmüş ittihamlar onların akademik fəaliyyəti, elmi baxışları və ya etnik mənsubiyyəti ilə deyil, milli təhlükəsizliyə qarşı yönəlmiş konkret qanun pozuntuları ilə bağlıdır. Bu işlər üzrə istintaq və məhkəmə araşdırmaları Cinayət Məcəlləsinə, habelə beynəlxalq hüququn ümumi qəbul olunmuş normalarına uyğun şəkildə aparılıb. Qapalı məhkəmə icraatları isə milli təhlükəsizlik və dövlət sirrinin qorunması zərurətindən irəli gəlib ki, bu praktika bir çox Avropa ölkələrinin hüquq sistemlərində də mövcuddur. Xüsusilə vurğulamaq istəyirəm ki, dövlətə xəyanətdə və dövlət çevrilişi cəhdində ittiham olunan Əli Kərimlinin "azad edilməsini" tələb edən çağırışlar isə hüquqi nihilizmdir".
Deputat bildirib ki, heç bir siyasi status, heç bir müxalifət fəaliyyəti, heç bir beynəlxalq lobbiçilik qanun qarşısında toxunulmazlıq yaratmır:
"Dövlət çevrilişinə cəhd, zorakılıqla konstitusiya quruluşuna qarşı fəaliyyətlər heç bir demokratik cəmiyyətdə legitim sayıla bilməz. Avropa Parlamentinin bu cür çağırışları faktiki olaraq qanunsuzluğun təşviqi deməkdir. Onların siyasi riyakarlığı və ikiüzlülüyü isə ən aydın şəkildə Ermənistan məsələsində üzə çıxır. Son dövrdə Ermənistanda yüzlərlə insan-siyasi və din xadimləri, ictimai fəallar saxlanılıb, həbs olunub, təqib edilib. Lakin adıçəkilən qurum bu həbslərə qarşı tam göz yumur. Bu susqunluq bir daha sübut edir ki, bu qurum üçün "insan hüquqları" universal dəyər deyil, siyasi alətdir. Bu gün Avropa Parlamenti artıq dəyərlər üzərində qurulan institut deyil. O, mövcud beynəlxalq normaları öz dar və çirkin siyasi maraqları naminə manipulyasiya edən, ikili standartları norma halına gətirmiş, institusional deqradasiyaya uğramış bir struktura çevrilib. Ona görə də Avropa parlamentinin heç bir siyasi və hüquqi əhəmiyyəti olmayan qətnaməsini təkcə Azərbaycana qarşı deyil, beynəlxalq hüququn özünə qarşı hörmətsizlik hesab edir və qətiyyətlə pisləyirik".
Məlik Məlikov