"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf istiqamətlərini qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O bildirib ki, müsahibə yalnız ikitərəfli əlaqələrin ayrı-ayrı sahələrinə dair məlumatların təqdimatı deyil, eyni zamanda, Azərbaycan-Özbəkistan münasibətlərinin hansı strateji məzmun qazandığını və bu münasibətlərin türk dünyası, Mərkəzi Asiya və bütövlükdə Avrasiya geosiyasətində hansı imkanlar yaratdığını göstərən mühüm siyasi mesajlar toplusudur:

"Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Lakin son illərdə bu təbii yaxınlıq artıq yalnız mədəni və mənəvi müstəvidə qalmayıb, dövlətlərarası münasibətlərin bütün istiqamətlərini əhatə edən strateji tərəfdaşlığa və ən yüksək siyasi mərhələ olan müttəfiqliyə çevrilib.
Prezident İlham Əliyevin müsahibəsində də vurğulandığı kimi, son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin və sıx siyasi təmasların həyata keçirilməsi əlaqələrin nə qədər intensiv xarakter aldığını göstərir. Bu sürətli inkişafda Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan lideri Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və şəxsi dostluq münasibətləri xüsusi rol oynayır. Liderlər arasındakı siyasi dialoq dövlətlərarası əlaqələrin inkişafına ciddi impuls verməklə yanaşı, iki ölkənin bir-birinin strateji maraqlarına həssas yanaşmasını da təmin edir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" münasibətlərin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib".
Onun sözlərinə görə, münasibətlərin institusional əsasının gücləndirilməsi də diqqətdən kənarda qala bilməz:

"2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura iki ölkə arasında strateji prioritetlərin müəyyənləşdirilməsi, yeni təşəbbüslərin təşviqi və müxtəlif sahələrdə əməkdaşlığın əlaqələndirilməsi baxımından mühüm mexanizmə çevrilib. Şuranın artıq həm Daşkənddə, həm də Bakıda iclaslarının keçirilməsi Azərbaycan-Özbəkistan münasibətlərinin təsadüfi siyasi yaxınlaşma deyil, uzunmüddətli dövlət strategiyasına əsaslandığını göstərir.
İki ölkə arasında siyasi etimadın ən mühüm nəticələrindən biri onun iqtisadi münasibətlərə çevrilməsidir. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması əməkdaşlığın real iqtisadi məzmun qazandığını göstərir. 2026-cı ilin yanvar-may aylarında da ticarət dövriyyəsinin 33 faiz artaraq 144 milyon dollara çatması dinamikanın davam etdiyini təsdiqləyir.
Burada, xüsusilə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin rolunu qeyd etmək lazımdır. Ümumi kapitalı 500 milyon dollar olan bu platforma iki ölkədə müxtəlif sektorlar üzrə investisiya layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün mühüm imkan yaradır. Bu mexanizmin əhəmiyyəti ondadır ki, Azərbaycan və Özbəkistanın iqtisadi əməkdaşlığı artıq yalnız məhsul mübadiləsi ilə məhdudlaşmır, qarşılıqlı investisiya və birgə istehsal modelinə keçir".
Millət vəkili əlavə edib ki, iqtisadi əlaqələrin digər mühüm xüsusiyyəti müxtəlif sahələrin bir-birini tamamlamasıdır:
"Sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, xidmətlər və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi potensialını birləşdirir. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi, eyni zamanda, Azərbaycan şirkətlərinin Özbəkistanda müxtəlif layihələr həyata keçirməsi qarşılıqlı iqtisadi etimadın artdığını nümayiş etdirir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız ikitərəfli deyil, regional əhəmiyyətini müəyyən edən əsas istiqamətlərdən biridir. Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzi, Azərbaycan isə Xəzər vasitəsilə Mərkəzi Asiyanı Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas nəqliyyat qovşaqlarından biridir. Bu baxımdan, iki ölkənin coğrafi mövqeləri rəqabətdən daha çox, tamamlayıcı əhəmiyyət daşıyır. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarının həcminin 1.4 milyon tona çatması və 6.7 faiz artması, 2026-cı ilin ilk yarısında isə daha 12.2 faiz artım qeydə alınması bu əməkdaşlığın praktiki nəticələrini göstərir.
Bu mənada Azərbaycan və Özbəkistanın əməkdaşlığını Orta Dəhlizdən kənarda təsəvvür etmək mümkün deyil. Çin-Qırğızıstan-Özbəkistan dəmiryol layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası gələcəkdə Mərkəzi Asiya ilə Qafqaz və Avropa arasında daha səmərəli nəqliyyat bağlantısının formalaşmasına şərait yarada bilər. Bu layihələrin reallaşması Azərbaycanın tranzit imkanlarını, Özbəkistanın isə dünya bazarlarına çıxış imkanlarını genişləndirəcək".
V.Qafarov vurğulayıb ki, enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyması da münasibətlərin strateji xarakterini göstərir:

"Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, Azərbaycan və Özbəkistanın yaşıl enerji sahəsində birgə fəaliyyəti yeni imkanlar açır. Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən "Yaşıl Dəhliz Birliyi"nin yaradılması bərpaolunan enerjinin ixracı və gələcəkdə Xəzər dənizinin dibi ilə nəqli imkanlarının əlaqələndirilməsi baxımından mühüm addımdır. Bu proses Azərbaycanın enerji siyasətində ənənəvi enerji resurslarından yaşıl enerjinin ixracına doğru keçidin Mərkəzi Asiya ilə əməkdaşlıq formatında da genişləndiyini göstərir.
Azərbaycan-Özbəkistan münasibətlərinin xüsusi mənəvi məzmun daşıyan istiqamətlərindən biri Qarabağın bərpasında Özbəkistanın iştirakıdır. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi və Füzulidə 100 hektarlıq "Dostluq bağı"nın salınması Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonrakı quruculuq prosesinə verdiyi real dəstəyin ifadəsidir. Bu cür layihələr sırf iqtisadi və ya tikinti layihəsi kimi qiymətləndirilə bilməz; onlar iki xalq arasında həmrəyliyin və qarşılıqlı etimadın simvoluna çevrilir. Mədəni-humanitar əlaqələr isə Azərbaycan-Özbəkistan münasibətlərinin uzunmüddətli dayanıqlılığını təmin edən ən mühüm amillərdəndir. 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Xivədə Şuşa Günlərinin təşkil olunması xalqların bir-birinin mədəni irsinə marağının artdığını göstərir. Bakıda Özbəkistan parkının yaradılması da bu qardaşlığın şəhər və ictimai məkan səviyyəsində rəmzləşdirilməsinin nümunəsidir".
O əlavə etdi ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı səviyyəsini xarakterizə etməklə yanaşı, bu münasibətlərin gələcəkdə hansı strateji istiqamətdə inkişaf edə biləcəyini də göstərir:
"Bu gün Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq tarixi və mədəni yaxınlığın yaratdığı dostluq mərhələsini geridə qoyaraq siyasi müttəfiqlik, iqtisadi tərəfdaşlıq və regional əməkdaşlığın vahid sisteminə çevrilib. Bu sistemin gücü onun üç əsas dayağından qaynaqlanır: dövlət başçıları arasında yüksək etimad, xalqlar arasında dərin tarixi-mədəni yaxınlıq və iki ölkənin strateji maraqlarının getdikcə daha çox üst-üstə düşməsi.
Azərbaycan üçün Özbəkistan Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindən biri olmaqla yanaşı, türk dünyasında strateji tərəfdaşdır. Özbəkistan üçün Azərbaycan isə Xəzər üzərindən Qafqaza, Türkiyəyə və Avropaya çıxış imkanlarını genişləndirən əsas tərəfdaşlardan biridir. Məhz bu qarşılıqlı tamamlayıcı mahiyyət Azərbaycan-Özbəkistan müttəfiqliyini uzunmüddətli və dayanıqlı edən əsas amillərdəndir.
Bu mənada Bakı-Daşkənd münasibətlərinin gələcək inkişafı təkcə iki ölkənin deyil, bütövlükdə türk dünyasının və Avrasiya məkanının siyasi-iqtisadi arxitekturasına təsir göstərə biləcək strateji proses kimi qiymətləndirilməlidir. Azərbaycan və Özbəkistanın qarşılıqlı etimad əsasında həyata keçirdiyi siyasət göstərir ki, tarixi qardaşlıq müasir dövrdə konkret iqtisadi layihələrə, nəqliyyat dəhlizlərinə, enerji təşəbbüslərinə, humanitar proqramlara və regional siyasi əməkdaşlığa çevrilə bilir. Ən mühüm nəticə isə bundan ibarətdir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız iki dövlətin münasibəti deyil. Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın bir-birinə daha sıx bağlanmasının, türk dünyasının güclənməsinin və Şərqlə Qərb arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasının mühüm siyasi dayaqlarından biridir".