Prezident İlham Əliyev sentyabrın 9-da Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Moldova baş nazirinin müavinini qəbul edib
Daha sonra, İlham Əliyev Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Natalia Germanı qəbul edib.
Görüşdə Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinə verdikləri dəstəyin önəmi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, kənd təsərrüfatı, infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.