Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüsü ilə Azərbaycan Prezidenti Administrasiyası və Gənclər və İdman Nazirliyinin Bakıda keçiriləcək I Avropa Oyunları münasibətilə birgə mətbuat konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, mətbuat konfransında Prezident Administrasiyasını İlham Əliyevin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov yerli və əcnəbi jurnalistlərin suallarını cavablandırıblar.

“Qərbin bəzi QHT-ləri, dairələri tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmadığı, insan haqlarının pozulduğu barədə iddialar səslənir. Azərbaycan 15 ilə yaxındır, Avropa Şurasının üzvüdür, Avropa Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan məhkəmələrinin qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər”.
“Əl-Cəzirə” telekanalının beynəlxalq təşkilatların siyasi məhbusların azad edilməsi barədə sualını cavablandıran Əli Həsənov Azərbaycanın hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərdiyini vurğulayıb.

“Belə hesab etməyənlər Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ona görə də Azərbaycan hakimiyyəti bu iddiadadır ki, Azərbaycanda siyasi məhbus yoxdur, ayrı-ayrı cinayətlərə görə məhkum olmuş şəxslər var. Azərbaycan hüquqi dövlətdir, tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir. Avropanın bəzi dairələri tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur”, - deyə, Ə.Həsənov bəyan edib.
Daha sonra “Əl-Cəzirə” telekanalının Avropa Oyunlarına çəkilən xərclər barədə sualını cavablandıran gənclər və idman naziri Azad Rəhimov audit təşkilatının Oyunlara büdcədən bir dollar kənara xərcləndiyini aşkarladığı təqdirdə istefa verəcəyini bəyan edib:
“Azərbaycan Gənclər və İdman Nazirliyinin büdcəsi 10 milyon avro təşkil edir. Bura idman yarışları ilə bərabər, idman təlimləri, idman avadanlıqlarının alınması daxildir. Dünyada tanınan istənilən audit təşkilatı bu büdcədən 1 dollar kənara xərcləndiyini aşkarlayarsa, vəzifəmdən istefa verərəm”.

Onun sözlərinə görə, Avropa Oyunlarına hazırlıq üçün Azәrbaycan qısa vaxtda sәfәrbәr olub:
“Azәrbaycan çәtin mәrhәlәdәn keçib. Mәqsәd Azәrbaycanın dünya xәritәsindә yerinin möhkәmlәndirilmәsidir. Biz gәnc ölkәyik, dünyada Azәrbaycanın harada yerlәşmәsindәn xәbәri olmayanlar var. Bu kimi tәdbirlәrin mәqsәdi Azәrbaycan mәdәniyyәtini, tarixini, incәsәnәtini, mәtbәxini, insanlığımızı bütün dünyaya göstәrmәkdir”.
Öz növbəsində Əli Həsənov müəyyən dairələrin Bakıda keçirilən Avropa Oyunlarını siyasiləşdirməyə cəhd göstərdiyini qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi həmin qüvvələrin xaricdə anti-Azərbaycan proqramından çıxış etdiklərini diqqətə çatdırıb.
“Bunlar belә bir platforma formalaşdırıblar vә anti-Azәrbaycan dairәlәrini yönәldirlәr. ABŞ vә Qәrb ölkәlәrinin müxtәlif media, QHT, müxtәlif hüquq-müdafiә dairәlәrindә biz bunu müşahidә edirik. Lakin biz buna tәmkinlә yanaşır, birbaşa reaksiya vermirik. Azərbaycan əleyihinə kampaniyanın mövcudluğu barədə dәqiq mәlumatlar var. KİV-də dә bu barәdә mәlumat yayılıb. Tәәssüf edirik vә bu kampaniyalardan geri çәkilmәyә çağırırıq. Bizim iradəmiz demokratiya, insan hüquqları, sivil şәkildә birgә yaşayışdan ibarətdir”.

Əli Həsənov bəyan edib ki, Azərbaycanın məqsədi öz müstəqil siyasətini davam etdirmək, ölkənin qazandığı nailiyyətləri dünyaya çatdırmaq, bölgәdә sülh siyasәtinin yönlәndirilmәsindən ibarətdir.
Daha sonra “Amnesty İnternational” təşkilatının nümayəndəsinin Azərbaycana buraxılmaması barədə bəyanatını şərh edən Ə.Həsənov, bu təşkilatın adından Azərbaycana daxil olmaq üçün heç kimin müraciət etmədiyini bildirib.
“Amnesty İnternational” təşkilatının nümayəndəsi olaraq Azərbaycana gələcək şəxslərlə bağlı viza almaq üçün nə BEGOC-a (Avropa Oyunları Əməliyyat Komitəsi – red.), nə də Xarici İşlər Nazirliyinə müraciət olmayıb. Araşdırmalarımız zamanı bəlli olub ki, bu təşkilatın bəzi nümayəndələri dolayı yollarla Azərbaycana daxil olmaq istəyiblər. Yəni onlar rəsmi olaraq təşkilat adından müraciət edərək deyil, dolayı yolla, məsələn, müxtəlif qəzet və jurnalların nümayəndəsi kimi ölkəyə daxil olmağa cəhd göstəriblər. Ona görə də Amnesty İnternational adından yayılan bəyanatın əsası yoxdur”.
Ermənistan idmançılarının Bakıda Avropa Oyunlarında iştirakı barədə sualı cavablandıran nazir Azad Rəhimov xüsusilə vurğulayıb ki, Ermənistan nümayəndə heyəti ilk dəfə deyil ki, Azərbaycana gəlir:

“Torpaqlarımız işğal olunub, diplomatik əlaqələr kəsilib, ancaq bundan əvvəl də Azərbaycanda keçirilən idman yarışlarında erməni idmançılar iştirak ediblər”.
Nazir vurğulayıb ki, idman yarışlarında iştirakla bağlı Azərbaycan və Ermənistan arasında format işlənərək hazırlanıb.
“Əvvəllər nümayəndə göndərirdik, gedib iştirakla bağlı vəziyyəti öyrənirdi. İndi isə biz qarşılıqlı olaraq təhlükəsizliyin təminatına dair məktub veririk. Bu, kifayət edir”.
Öz növbəsində çıxış edən Əli Həsənov, Oyunların Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inandığını bəyan edib.
Lakin bununla belə, Ə.Həsənov qeyd edib ki, Ermənistandakı xalq, Dağlıq Qarabağdakı əhali bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrililiblər:
Dağlıq Qarabağ əhalisi də Ermənistandakı separatçı rəhbərlərin, separatçı düşüncəli siyaslərin girovuna çevirliblər.
“25 ildir ki, 1 milyona yaxın Azərbaycan vətəndaşı öz yurd-yuvalarından didərgin salınıb, 25 ilə yaxındır ki, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin qeyd-şərtiz azad edilməsi ilə bağlı 4 qətnaməsi qəbul olunub və Ermənistan dövləti tərəfindən faktiki olaraq, yerinə yetirilmir. Bir dövlət BMT-nin bu qətnamələrinə meydan oxuyur. 20 ilə yaxındır ki, dünyanın təhlükəsizlik məsələləri Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi ətrafında dolaşır.

Əksər beynəlxalq təşkilatlar münaqişənin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması ilə həllinin tərəfdarı olduqlarını bəyan ediblər. Təəssüf ki, Ermənistan dövlətinin qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir. Dağlıq Qarabağ münaqişəsi tək bölgənin deyil, düynanın, Avrasiyanın təhlükəsizliyini təhdid edir.
Biz vaxtında bəyan etdik ki, bu münaqişəyə göz yumulsa, zəncirvari münaqişələr baş verəcək. Bu gün Ukrayna və Balkanlarda baş verən hadisələr göstərdi ki, separatizmlə oynamaq olmaz, bu təhlükəlidir. Nə qədər Dağlıq Qarabağ problemi mövcudur, bölgədə və dünyada sülhün tam bərqərar olmasından danışmaq olmaz”.
Daha sonra Azərbaycan idmançılarından bu Oyunlarda hansı nəticələrin gözlənildiyi barədə sualı cavablandıran A.Rəhimov bəyan edib ki, əsas məqsəd yüksək nəticələr əldə etməkdir.
“Bu günə qədər Azərbaycan Avropa ölkələri arasında komanda nəticələrinə əsasən, 10-cu yerədək yüksəlib. Bizim əsas məqsədimiz odur ki, bu onluqdan çıxmayaq”.

Azərbaycana qarşı aparılan kampaniyanın vahid mərkəzdən idarə olunub-olunmaması barədə sualı cavablandıran Ə.Həsənov bildirib ki, bu proseslərin arxasında dayanan müəyyən dairələr, müəyyən qüvvələr var və onlar bu prosesləri bilərəkdən istiqamətləndirir, bunun nəyə görə belə olduğunu araşdırıb, müəyyənləşdirməyə çalışırıq.
“Bizdə yaranan fikir ondan ibarətdir ki, ilk Avropa Oyunlarının yüksək səviyyədə, qısa müddətdə təşkili bəzi dariəlrə tərəfindən kiçik Azərbaycan üçün həddən artıq cəlbedici görünür. Onlar bu tədbirin təşkilində Azərbaycanın qazandığı və ortaya qoyduğu müvəfəqqiyyətləri müəyyən qədər qaralamaq, kölgə salmaq, Azərbaycan kimi kiçik dövlətlərin, gənc dövlətlərin belə tədbirləri keçirməyə qadir olmadığını sübut etməyə çalışırlar”.
Ə.Həsənovun sözlərinə görə, bu müəyyən anti-Azərbaycan qüvvələrinin işidir ki, onlar Azərbaycanın uğurlarını görmək istəmir, onu qaralamaq istəyirlər:
Əlbəttə, Azərbaycanın dostları bütün dünyada hal-hazırda müqavimət göstərir ki, onların subyektiv mülahizələrə söykənən bu anti-Azərbaycan kampaniyası effektsiz yekunlaşsın və heç bir nəticəyə gətirib çıxarmasın.

İkincisi, bu qüvvələr neçə ildir ki, bölgədə müharibə aparan Ermənistan dövlətini müdafiə edən erməni lobbisidir və onların təsiri altında olan beynəlxalq dairələrdi, beynəlxalq mətbuat orqanlarıdır, bəzi siyasətçilərdir, bəzi sosial və qeyri-hökumət təşkilatlarıdır. Onlar bəlli fondlardan maliyyələşərək, Ermənistan lobbisinin təsiri altında neçə illərdir ki, dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. Bir müddət əvvəl “Eurovision” yarışması ərəfəsində eyni qüvvələr bütün dünyada eyni ssenarini meydana buraxmışdılar, indi də bunu edirlər və sabah da yəqin ki, böyük tədbirlə ərəfəsində bunu etməyə çalışacaqlar.

Üçüncüsü, Azərbaycanın müstəqil siyasətini qəbul etməyən müəyyən dairələr var ki, onlar Azərbaycanı öz yanlarında, özlərinin istəyinə uyğun şəkildə görmək istəyirlər və Azərbaycanı davamlı olaraq, təzyiq-təsir altında saxlamağa çalışırlar və bu kampaniyanı dəstəkləyirlər. Lakin çox təəssüf edirəm ki, bu kampaniyalarda bəzən bizim tanıdığımız, səhifələrindən, ekranından, internet resurslarından dünyada baş verən hadisələr barədə obyektiv məlumat almaq istədiyimiz mətbuat orqanları da burada təmsil olunur. Böyük Britaniyanı təmsil edən bəzi mətbuat orqanları və dairələr anti-Azərbaycan platformasında birləşərək, “London platforması” deyilən bir platforma yaradıblar və “The Guardian”, “The İndependent”, BBC kimi böyük dünya şirkətini bu işə cəlb ediblər, vahid anti-Azərbaycan kampaniyasının liderinə çeviriblər.

Bütün bunların bir məqsədi var – Azərbaycanın uğurlarını qaralamaq. Onu da qeyd edim ki, bu, tək Azərbaycana deyil, həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı hörmətsizlikdir ki, ilk dəfə tarixdə keçirilən, Avropanın adını daşıyan Avropa yay oyunlarına qarşı belə bir kampaniya aparılır. Lakin düşünürük ki, tərəqqipərvər ictimaiyyət özü bu kampaniyanın doğru olub-olmadığını qiymətləndirəcək”.
Elvin Əhmədov, Elvin Şirinli
Foto: Nüsrət Abdullayev
www.oxu.az