Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan təkcə Ermənistandan deyil, havadarlarından da təzminat tələb edə bilər
"Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) zəifləməyə və süqutu bəlli olmağa başladığı bir dövrdə, yəni 1988-ci ildən etibarən ermənilər Azərbaycan torpaqlarına hücum etməyə başladılar. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən qazanmasından sonra 1994-cü ilə qədər davam edən bu prosesdə hətta Rusiya da ermənilərə kömək etdi. Ermənilər müharibə prosesində yüzlərlə günahsız mülki Azərbaycan türkünü qətlə yetirdilər, canlarına, mallarına, ləyaqətlərinə zərər vurdular. Uşaqların diri-diri dərilərini soyduqlarını həyasızcasına yazdılar, yayımladılar".
Bunu Oxu.Az-a açıqlamasında türkiyəli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert İsmayıl Cingöz deyib.
Onun sözlərinə görə, bütün bu hadisələr beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verib və bununla bağlı çoxsaylı sübutlar mövcuddur:
"2020-ci ilə qədər Qarabağ erməni işğalı altında idi. Onadək Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edən ermənilərin təxribatları davam edirdi. Bu təxribatlar nəticəsində günahsız Azərbaycan türkləri qətlə yetirilmiş, yaralanmışdılar və mülkləri zərər görmüşdü. Bundan əlavə, atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri şəhid ediliblər.
Nəhayət, 2020-ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı 44 gün sonra Ermənistanın məğlubiyyəti qəbul etməsi ilə nəticələndi və 10 noyabr 2020-ci il tarixində Üçtərəfli Bəyanat imzalandı. Lakin Ermənistan qeyd olunan sənədlə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və təxribatlarını daha da intensivləşdirdiyi üçün 2023-cü ilin 19-20 sentyabrında Azərbaycan antiterror tədbirləri ilə ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi.
1988-2023-cü illər arasında həlak olanlar, yaralananlar, torpaqlarını, mülklərini itirən vətəndaşlar olduğu kimi, siyasi olaraq da Azərbaycan dövləti zərər görüb, torpaqları işğal altında qalmışdı. Bu prosesdə insan itkisi, maddi-mənəvi itkilər, həmçinin Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərinin istismarı səbəbindən Azərbaycan dövlətinin və xalqının təzminat haqqı haqlı olaraq gündəmə gəlib".
"Təzminat təkcə Ermənistan dövlətini və cinayətləri törədən, əmr verən məmurları deyil, eləcə də Azərbaycanın qanunsuz şəkildə istismar edilən sərvətlərini Ermənistandan çıxaran və istifadə edən ölkələri və xarici şirkətləri də əhatə edir. Bu baxımdan, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Nizamnaməsi və Birləşmiş Millətlər Təşkilatının (BMT) "Qurbanların hüquqlarının müdafiəsi və kompensasiya hüququna dair Əsas Prinsiplər və Təlimatlar" çərçivəsində Azərbaycanın Ermənistandan təzminat tələb etmək hüququ var.
Lakin təzminat ödəməli olan başqa tərəflər də var. Bu, işğal altında olan torpaqlarda yeraltı və yerüstü sərvətləri istifadə edən şirkətlərin qeydiyyatda olduğu ölkələrdir. Çünki həmin ölkələr cinayətə şərik olduqları üçün cinayətkar sayılırlar", - deyə ekspert vurğulayıb.
Müsahibimiz hesab edir ki, Ermənistanın iqtisadi gücü təzminat ödəməyə yetərsiz olduğu üçün borcunu torpaq verməklə ödəmək məcburiyyətindədir:
"Azərbaycan təzminatla bağlı ətraflı monitorinq aparmalıdır. 1988-ci ildən 2023-cü ilə qədər keçən zaman ərzində ermənilər tərəfindən qətlə yetirilən, soyqırımına məruz qalan, əsir düşüb işgəncələr görən, evi, maşını, malı-mülkü talan edilən bütün qurbanlar müəyyən edilərək, onların zərər çəkməsi ilə bağlı dəlillər, həmçinin Azərbaycanın dövlət olaraq maddi-mənəvi itkilər sənədləşdirilməli və aidiyyəti üzrə təqdim edilməlidir. Aparılan hesabat beynəlxalq məhkəmələrdə zərrə qədər də olsa şübhəyə yer qoymamalıdır. Həmçinin, Bakı bu prosesdə beynəlxalq məhkəmələrin çıxardığı təzminat qərarlarını nümunə kimi sənədləşdirməlidir".
Hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov isə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin mətnində xüsusi bəndlər olmalıdır:
"Burada münaqişə çərçivəsində aqressiyanın qeyd edilməsi, işğalçı siyasətin olması və Azərbaycana qarşı Ermənistan silahlı qüvvələri tərəfindən işğalçı statusunun müəyyənləşdirilməsi vacibdir - yəni hansı ölkə münaqişə çərçivəsində insanlıq əleyhinə cinayət törədib, qanun pozuntusuna yol verib. Ona görə də sülh müqaviləsində münaqişə çərçivəsində işğalçı dövlətin hansı olduğu qeyd edilməli və proseslər buna uyğun tənzimlənməlidir.
Digər məsələ isə zərərçəkən ölkəyə və vətəndaşlarına təzminatların ödənilməsi ilə bağlı əlavələrin edilməsidir. Burada isə zərərçəkən ölkə Azərbaycan Respublikasıdır. Ona görə ki, müharibə Azərbaycan ərazilərində baş verib və münaqişə çərçivəsində silahlı hücumlara məruz qalan Azərbaycan əhalisidir".
"Hazırda iki ölkə arasında delimitasiya və demarkasiya prosesi aparılır. Bu proses çərçivəsində Azərbaycan və Ermənistan arasında komissiya yaradılıb və bu komissiya çərçivəsində həm maddi təzminat, həm də iqtisadi təzminat əvəzinə ərazilərin kompensasiyası təzminat kimi gündəmdə ola bilər. Bunun nümunələri də mövcuddur. Məsələn, Birinci Dünya müharibəsini yekunlaşdıran sülh müqaviləsinə əsasən, Almaniya Elzas-Lotaringiya bölgəsini Fransaya qaytarmaq öhdəliyi götürmüşdü. İkinci Dünya müharibəsində fransızların məğlubiyyətindən sonra bölgə yenidən Almaniyaya keçsə də, 1945-ci ildə almanların təslim olması ilə ərazi yenidən Fransanın ərazisi kimi rəsmiləşdi. Bununla yanaşı, İkinci Dünya müharibəsindən sonra Almaniyanın Köniqsberq bölgəsi SSRİ-nin nəzarətinə verilib və ərazi Kalininqrad adlandırılıb. SSRİ bu ərazini müharibədə zərərçəkən tərəf kimi kompensasiya olaraq götürüb və ittifaq dağılandan sonra da region Rusiya ərazisi kimi rəsmiləşib. Həmçinin, 19-cu əsrdə Fransa, Belçika və Niderland arasında bağlanmış müqaviləyə əsasən, ərazi bütövlüyü və digər məsələlərdə ərazi kompensasiyasından istifadə edilib. Ona görə də söhbət maddi və ərazi təzminatından gedirsə, çıxış yolları nümunələrdən də göründüyü kimi, çoxdur. Ancaq Azərbaycan burada təkcə ərazi yox, bir neçə istiqamətdə zərərçəkən ölkədir", - deyə ekspert vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Azərbaycan maddi-mənəvi itki ilə yanaşı, həm də kütləvi qırğınlara, soyqırımlarına məruz qalıb:
"Həm Xocalı soyqırımı, həm digər ərazilərdə qırğınlar, həm də torpaqlarımız azad ediləndən sonra aşkarlanan kütləvi məzarlıqlar azərbaycanlılara qarşı törədilən faciələrin sübutudur. Bütün bunlar insanlıq əleyhinə cinayətlər kimi sülh müqaviləsində qeyd edilməlidir. Bununla yanaşı, ətraf mühitə zərərin vurulması da ciddi məsələdir. Bu günə qədər Ermənistan tərəfindən Azərbaycan ərazilərinə xüsusilə də çaylar vasitəsilə kimyəvi elementlər yönəldilib, flora və faunamıza zərər vurulub. Digər məsələ isə infrastrukturun dağıdılması ilə bağlıdır. Azərbaycanın 18-19 faiz ərazisində tam şəkildə infrastruktur dağıdılıb, dini-tarixi-mədəni abidələr viran qoyulub və bu da ayrıca məsuliyyət yaradır. Bu cinayətləri törədən şəxslər də məsuliyyətə cəlb edilməlidirlər. Xüsusən də İnterpol vasitəsilə cinayətkar dəstənin başında dayanan Robert Koçaryana qarşı müvafiq tədbirlər görülməlidir. Üstəlik, insanlıq əleyhinə törədilən cinayətlərlə bağlı BCM-in qərarlarına əsaslansaq, burada da Ruanda və Srebrenitsa kimi nümunələr mövcuddur. Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayətlərlə bağlı da BCM qərar qəbul etməlidir".
Mərahim Nəsib