Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Azərbaycan-Türkiyə tandemi Somalidə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində rol oynayır](https://images.oxu.az/2025/02/08/CfdYSY9IsCYQkDMzC03m9JWznFRezbOonaBMGQaj:1200.jpg)
Azərbaycan-Türkiyə tandemi Somalidə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində rol oynayır
Azərbaycan-Türkiyə tandemi Somalidə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində konstruktiv rol oynayır.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında politoloq İlqar Vəlizadə Azərbaycan xarici işlər naziri Yalçın Rəfiyevin rəhbərliyi ilə hökumət missiyasının Somalidə səfərdə olmasını şərh edərkən deyib.
O bunun çox əlamətdar hadisə olduğunu bildirib.
Siyasi şərhçi hesab edir ki, Azərbaycan rəsmilərinin Somali səfəri həm də Azərbaycan-Türkiyə münasibətləri yeni bir müstəviyə keçməsinin göstəricisidir:
"İki ölkənin əməkdaşlığı digər regionlarda birgə siyasi, iqtisadi addımların atılması səviyyəsinə çatıb. Son vaxtlar Türkiyənin nüfuzu Yaxın Şərqdə və Afrikada, xüsusilə Şimali və Şərqi Afrikada artıb. Türkiyə bu regionlarda bir çox məsələlərdə həlledici aktor rolunda çıxış edir. Məsələn, Liviya və Suriyadakı, həmçinin Somali ətrafındakı proseslərin tənzimlənməsində Türkiyənin müstəsna rolu var. Türkiyənin həmin ərazilərdə siyasi nüfuzunun artması isə Türkiyə-Azərbaycan əməkdaşlığına ciddi təsir göstərir".
Politoloq buna səbəb kimi isə Azərbaycanın son vaxtlar orta güc qismində çıxış etməsini göstərib. Onun sözlərinə görə, təkcə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında deyil, eyni zamanda, Balkan siyasətində və Yaxı Şərqdəki proseslərdə Azərbaycanın nüfuzu hiss olunacaq dərəcədə artıb:
"Azərbaycan-İraq, Azərbaycan-BƏƏ, son vaxtlar isə Azərbaycan-Suriya münasibətləri inkişaf edir. Burada bir çox hallarda Türkiyə bizim müttəfiq və tərəfdaşımız qismində çıxış edir. Yəni tərəfdaş coğrafiyası genişlənir. Şimali Afrikaya da vəziyyət belədir".
İ.Vəlizadə Azərbaycan-Türkiyə tandeminin formalaşması məsələsinə diqqət çəkərək bildirib ki, Suriya və İraq Kürdüstanında bu şəkildə fəaliyyət göstərilir:
"Artıq həmin geosiyasi tandem Afrikada da genişlənir. Bu, müasir regional siyasətin bir fenomeninə çevrilib. Azərbaycan-Türkiyə münasibətlərinin digər ölkələrdə açıq şəkildə görünməsi ondan xəbər verir ki, bu təcrübə özünü doğruldur. Tərəflər "Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin bəndlərini əsas tutaraq artıq beynəlxalq səviyyədə də qarşılıqlı maraqların ifadə edirlər. Yəni əsas götürdükləri prinsipləri reallaşdırırlar. Ən yaxın vaxtlarda hər iki ölkə bunun bəhrəsini görəcəklər".
Müsahibin sözlərinə görə, bu tandemin digər ölkələrlə qarşılıqlı şəkildə maraqların təmin edilməsi yolu ilə həyata keçirilməsi yeni siyasi reallığın müəyyənləşməsinə gətirib çıxarır və nəticə etibarilə regional təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən qeyd edilib ki, bu gün Afrika ölkələri ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir:
"Son dövrlərdə ölkəmizin Afrika qitəsində fəallığı artıb. Bu məqsədlə Afrikada geniş diplomatik təmsilçiliyə malik Türkiyə ilə də birgə əməkdaşlıq nəzərdən keçirilir".
"Azərbaycan-Türkiyə münasibətləri" teqi üzrə xəbərlər
- Uraloğludan Zəngəzur dəhlizi ilə bağlı şad xəbər: "Türk Dünyasına qapı açılır"
- Şuşa yolunun və Zabuxçay su anbarının tikintisi başa çatıb
- Hakan Fidan və Ceyhun Bayramov mətbuata birgə açıqlama veriblər
- Türkiyə MN: "Tək ürək, tək bilək, tək yumruq" olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik"
- Hakan Fidan: "Türkiyə İlham Əliyevin regionda sülh istiqamətində qərarlı addımlarını dəstəkləyir"