Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Avqustun 23-də Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Özbəkistan Prezidenti bəyanatla çıxış etdi.
Prezident Şavkat Mirziyoyevin bəyanatı
- Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri. Sizin iştirakınıza şadam. Azərbaycan Respublikasının Prezidentini, əziz qardaşım, hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər özbək torpağında səmimiyyətlə salamlayıram. Sizi görməyimizə çox şadıq. Özbəkistana xoş gəlmisiniz.
Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafında tarixi hadisədir. Bu gün hörmətli İlham Heydər oğlu ilə müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanması ilə əlamətdardır. Biz bununla çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik.
Hörmətli iştirakçılar, siz yəqin ki, bu gün bizim, əslində, nə etdiyimizi sonuna qədər təsəvvür etmirsiniz... Zənnimcə, bu il 33 iliyimizin tamam olduğu qısa bir müddətdə bu sənədlərin imzalanması heç bir ölkə ilə olmayıb, birincisi, Özbəkistanın çox az ölkə ilə müttəfiqlik münasibətləri var. Sizin qarşınızda bir daha demək istəyirəm, bu gün biz tarix yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq. Bu münasibətlə Sizi bir daha təbrik edirəm.
Özbəkistanın kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edirəm: siz bu barədə daha çox, daha ucadan danışmalı və onu əhalimizə çatdırmalısınız. Fikrimcə, sizin azərbaycanlı həmkarlarınız da çatdıracaq, çünki xalqlar bunu gözləyirlər. Zənnimcə, bu, müttəfiqlik münasibətləri haqqında çoxdan gözlənilən ən vacib müqavilədir.
Biz, həmçinin müttəfiqlik münasibətlərimizin dərinləşməsi üzrə yeni təkliflərin hazırlanması və həyata keçirilməsinin səmərəli mexanizmi olan Ali Dövlətlərarası Şuranın birinci iclasını keçirdik. Bilirsiniz, biz İlham Heydər oğlu ilə həmişə razılığa gəlirik, tapşırıq veririk, həm də nəzarət edirik. Azərbaycandakı birinci görüşümüzdə əməkdaşlığın on istiqaməti müəyyən edildi. Məmnunluqla və əminliklə demək istəyirəm ki, razılaşmaların heç biri kağız üzərində qalmayıb. Bizim real nəticələrimiz var. Bu gün 20 yeni istiqamət götürmək üzrə razılıq əldə etmişik, bu, əməkdaşlığımızın real istiqamətləridir və İlham Heydər oğlu məmnuniyyətlə qəbul etdi. Zənnimcə, indi dərindən məşğul olacağımız sahələr, istiqamətlər var.
Ümumilikdə, danışıqlar ənənəvi olaraq, açıq və konstruktiv ab-havada keçdi. Hesab edirəm ki, görüşümüzün uğurunun əsasını böyük hazırlıq işi təşkil edir. Biz, sadəcə, danışmırıq, hər istiqamət üzrə çox diqqətlə işləyirik, nazirliklərimizin və idarələrimizin nümayəndələri artıq öyrəşiblər ki, Azərbaycanla nəzərdə tutduqlarımızı mütləq yerinə yetirməliyik. İlin əvvəlindən hökumətlərarası komissiyanın iclasları, siyasət və təhlükəsizlik sahələrində məsləhətləşmələr, parlamentarilərin görüşləri, regionların forumu və bir sıra mədəni və işgüzar tədbirlər keçirilib.
Hörmətli jurnalistlər, biz Özbəkistanda qardaş Azərbaycanın böyük uğurlarına və nailiyyətlərinə ürəkdən sevinirik. Bu gün sizin ölkənizdə iqtisadiyyatın, sənayenin, əhalinin həyat səviyyəsinin dinamik artımı təmin edilir, böyük sənaye və infrastruktur layihələri həyata keçirilir. Hörmətli İlham Heydər oğlu, böyük tarixi Qələbə, ölkənin ərazi bütövlüyünün bərpa olunması və əzəli Azərbaycan torpaqlarının qaytarılması münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm. Qədim Qarabağ torpağı Sizin səylərinizlə inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur və istehsalat obyektləri fəal şəkildə tikilir, yeni iş yerləri yaradılır, insanların dinc, əmin-aman və xoşbəxt həyata qayıtması üçün bütün tədbirlər görülür. Mən özüm Füzulidə, Şuşada olarkən insanların baxışlarını, tikilmiş infrastrukturu, tunelləri, körpüləri gördüm. Evlər, məktəblər, xəstəxanalar inşa edilir. Yəni, demək istəyirəm ki, insanların rahatlığı və xoşbəxt həyatı üçün hər şey edilir. Qayıdan hər bir insanın, - onlar bu günü illərlə, on illərlə gözləyiblər, - biz İlham Heydər oğlu ilə onlarla görüşərkən, mən bu sakinlərin gözlərində evlərinə qayıtmağın sevincini gördüm. Bir daha əmin etmək istəyirəm ki, Özbəkistan gələcəkdə də bu nəcib işdə Sizi dəstəkləməyə hazırdır. Məhdud tərkibdə görüşdə razılığa gəldik ki, bu gün irimiqyaslı quruculuq işlərinin getdiyi Qarabağda əgər özbək inşaatçıları üçün də hər hansı sahə və ya rayon ayrılarsa, biz də çiçəklənən yeni Qarabağın inşaat işlərində iştirak edərik. İlham Heydər oğlu nəzərdə tutduğumuz işlərdə mənə çox ciddi dəstək verdi. Zənnimcə, biz də sözdə deyil, əməldə bunları reallığa çevirmək üçün dostlarımızın yanında olacağıq.
Daha bir vacib məqam - düz bir həftə sonra, sentyabrın 1-də Azərbaycanda böyük daxili siyasi hadisə - parlament seçkiləri olacaq. Noyabrda Bakı Qlobal İqlim Sammitinə ev sahibliyi edəcək. Biz onların uğurla keçirilməsini arzu edirik və qardaşlarımıza hərtərəfli dəstək göstərəcəyik.
Hörmətli jurnalistlər, Azərbaycan bizim mühüm strateji tərəfdaşımız və bu gündən etibarən artıq həm də müttəfiqimizdir. Bizi ortaq tarixi köklər, çoxəsrlik dostluq birləşdirir, biz bir dinə və oxşar mədəniyyətə, ənənələrə malikik. Bütün bunlar hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmindir.
Bu gün çoxtərəfli münasibətlərimizin bütün spektrini ətraflı müzakirə etdik, əsas istiqamətlər üzrə məruzələri dinlədik. Bu, hər şeydən əvvəl ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, böyük imkanlarımızın olduğu kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və digər sahələrdir. Siyasi dialoqu möhkəmləndirmək, çoxtərəfli platformalarda qarşılıqlı dəstək göstərmək, parlamentlər, hökumətlər, sahələr, nazirliklər səviyyəsində və ən başlıcası həm də regionlararası fəal təmasları davam etdirməklə bağlı razılığa gəldik. Qarşılıqlı fəaliyyətin artırılmasına xüsusi diqqət yetiririk. Əmtəə dövriyyəsi həcmlərinin artırılmasının zəruriliyini vurğuladıq. Bugünkü əmtəə dövriyyəsini iki dəfə artırmaq üçün bütün əsaslar mövcuddur. Obrazlı desək, biz sıfırdan başlamışıq və indi bu səviyyəyə çatmışıq. Göstəriciləri dəfələrlə artırmaq üçün bütün əsaslar var. Razılığa gəldik ki, növbəti ili "Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili" elan edək və bununla yanaşı, artıq dediyim kimi, 20 əsas istiqamət üzrə proqram qəbul olunsun. Danışıqlar əsnasında konkret kooperasiya layihələrinin üzərində dayandıq. Bu ərəfədə biznes-forum məhsuldar şəkildə keçirildi, onlarla müqavilə və saziş imzalandı. Bu gün bizim biznes nümayəndələri ilə ayrıca görüşümüz olacaq. Bu da ilk dəfədir. Birlikdə mühüm layihələrə start verəcəyik - bu, mehmanxanaların, tekstil klasterlərinin, tikiş fabriklərinin tikintisi, inşaat materiallarının istehsalı və digərləridir. Bildiyiniz kimi, belə layihələrin həyata keçirilməsi üçün 500 milyon dollar kapitalı olan birgə investisiya şirkəti fəaliyyət göstərir. Üçüncü ölkələrdə perspektivli layihələrdə iştirakı nəzərdən keçirmək üzrə razılığa gəldik.
Biz, həmçinin nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Trans-Xəzər dəhlizinin inkişafı vasitəsilə birgə səyləri davam etdirəcəyik. Regionlararası əlaqələrin potensialından maksimum istifadə edəcəyik. May ayında Quba şəhərində regionların forumu uğurla keçirildi. Regionlararası kooperasiya üzrə yol xəritəsini qəbul etmək, növbəti forumun gələn il Kokand şəhərində keçirilməsi, paytaxtlarda turistik komplekslərin yaradılması qərara alındı. Mədəniyyət, gənclər, informasiya siyasəti, elm, təhsil və idman sahələrində fəal mübadiləni davam etdirəcəyik. Hər il ölkələrimizdə qarşılıqlı mədəniyyət və kino günlərinin, sərgilərin, yaradıcı kollektivlərin qastrollarının keçirilməsi xoş ənənəyə çevrilib. Belə tədbirlərin tez-tez bizim əhalinin böyük hissəsinin yaşadığı regionlarda keçirilməsi çox vacibdir. Bu gün, həmçinin bizim əfsanəvi ulduzlarımız Fərrux Zakirov və Polad Bülbüloğlunun çıxış edəcəkləri birgə konsert olacaq. Onların geniş şəkildə tanınması və yüksək qiymətlərinin əlaməti olaraq biz hörmətli İlham Heydər oğlu ilə bu yaxınlarda onlara Xalq artistləri fəxri adının verilməsinə dair qərar qəbul etdik.
Ümumiyyətlə demək istəyirəm ki, etimada əsaslanan danışıqların nəticəsindən çox məmnunam, çünki bu gün də, dünən də bir çox beynəlxalq, regional, ikitərəfli məsələləri çox ciddi müzakirə etdik. Demək istəyirəm ki, bizim mövqelərimiz üst-üstə düşür. Bütün məsələlər üzrə razılığa gəldik. Bizim mövqelərimiz eynilə ondan ibarətdir ki, bütün platformalarda əməkdaşlıq edəcəyik, qarşılıqlı münasibətlərimizi birlikdə inkişaf etdirəcəyik. Yekunda biz mühüm, konkret razılaşmalar əldə etdik, qarşılıqlı fəaliyyətin əsas sahələrində sanballı sazişlər paketi imzaladıq. Bizim bütün təkliflərimizi dəstəklədiyinə görə hörmətli İlham Heydər oğluna səmimi-qəlbdən təşəkkür etmək istəyirəm. Əminəm ki, Sizin tarixi səfərinizin məhsuldar nəticələri Özbəkistan-Azərbaycan əlaqələrinin gələcək inkişafına güclü təkan verəcək, dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcək.
İndi məmnuniyyətlə sözü İlham Heydər oğluna vermək istəyirəm.
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli Şavkat Miromonoviç, əziz qardaş, sağ olun. İlk növbədə, dəvətə görə təşəkkür etmək istəyirəm. Qardaş Özbəkistana yenidən səfər etmək və qardaş ölkənin sürətli inkişafını bir daha görmək böyük sevincdir.
Müxtəlif dövrlərdə, xüsusən son illərdə Özbəkistana dəfələrlə səfər etmişəm. Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görürəm və buna şadam. Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Keçən səfərimdə biz Daşkənddə birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin, xarici investisiyaların cəlb edilməsinin, əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir. Bugünkü Özbəkistan sosial-iqtisadi inkişaf üzrə aparılan gündəlik iş, çoxlu sayda sosial layihələrlə səciyyələnir. Həmçinin bütün bunlara ölkənin beynəlxalq arenada nüfuzunun artmasını da əlavə etmək olar. Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru oldu, onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır, həm də müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir. Sizi bu münasibətlə Azərbaycan xalqı adından bir daha təbrik etmək istərdim.
Artıq qeyd etdiyim kimi, mən qardaş ölkədə tez-tez oluram. Səfərə hazırlaşarkən, onların cədvəlinə və Şavkat Miromonoviçin səfərlərinin cədvəlinə nəzər saldım və gördüm ki, bu, mənim son iki ildə beşinci səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşməyimizi də əlavə etsək, onda hesabı bərabərləşdiririk. Bu, ən yaxşı göstəricidir. Hələ mən başqa ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində görüşlərimizi demirəm. Bütün bunlar bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində məruzələrdə dinlədiyimiz uğurların rəhnidir. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib. Belə deyək ki, nümayəndə heyətlərinin üzvlərinə razılaşdırdığımız məsələlərlə bağlı irad tutduğumuz bir bənd də yoxdur. Bu, əlbəttə, onlarda arxayınlıq yaratmamalıdır, amma hər zaman obyektiv və ədalətli olmaq lazımdır. Ona görə də biz, əslində, Azərbaycan və Özbəkistan nümayəndə heyətlərinin kollektivi arasında da eynilə bu cür münasibət görürük.
Şavkat Miromonoviçin qeyd etdiyi kimi, bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif - regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.
Ona görə də bu hadisə ölkələrimizin ictimaiyyəti tərəfindən çox düzgün qiymətləndirilməlidir fikrinə mən də qoşuluram. Əminəm ki, onlar bizim danışdığımız məsələləri biləndə, bu səviyyəyə çıxdığımızı görəndə bu cür sevinc hissləri keçirirlər. Şavkat Miromonoviç deyəndə ki, bütün bunlar rekord qısa müddətdə edilib, o, tamamilə haqlıdır. Yəni, biz xalqlarımızın yaxınlaşması üzrə işlərimizi o qədər intensiv həyata keçirdik ki, bu səviyyəyə çatmaq üçün cəmi bir neçə il lazım oldu.
Şavkat Miromonoviç də artıq bu barədə danışdı, bizim bu gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək istərdim, çünki o, əlamətdardır - bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir.
Qarabağ haqqında söylədiyiniz sözlərə görə sağ olun. Hamınız bilirsiniz ki, bu, təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ idi. Ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsi tarixi ədalətin və beynəlxalq hüququn bərqərar olmasıdır. Belə münasibətə görə səmimi-qəlbdən minnətdaram.
Bu gün biz, həmçinin iş adamlarından ibarət qrupla görüşəcəyik. Hərçənd biznes-forum artıq işini yekunlaşdırsa da, hələ hazırda yerinə yetirilmə mərhələsində olan konkret layihələr var. Bu səbəbdən biz onları dinləmək və yeni təlimatlar vermək istəyirik. Həmçinin bugünkü diskussiyalar çərçivəsində çoxlu yeni mövzuları, ilk növbədə, əmtəə dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrimizin konkret məzmunla zənginləşdirilməsi, həmçinin üçüncü ölkələrdə birgə işimizi müzakirə etdik. Yəqin ki, bunun üçün bizə Birgə İnvestisiya Fondunun kapitalını artırmaq lazım gələcək, artıq eşitdiyimiz kimi, layihələrə 500 milyon ayrılıb. Odur ki, bu kapitalı həm ikitərəfli gündəlik, həm də üçüncü ölkələrə investisiyalar ilə çıxış üçün artıracağıq.
Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik. Qonaqpərvərliyə və dəvətə görə bir daha təşəkkür edirəm. Sağ olun.
Avqustun 23-də Daşkənddə sənədlərin mübadiləsi mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Avqustun 23-də Daşkənddə sənədlərin mübadiləsi mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şəhid övladı: "İlham babaya dedim ki, yerimi saxla, gələcəyəm"
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Prezident İlham Əliyev Pakistanın Baş nazirinə məktub ünvanlayıb