Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanla Gürcüstan sərhəd məsələlərini müzakirə edəcək
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası mayın 23-24-də Bakıda keçiriləcək.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, iclasa Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik edəcək.
Qeyd edək ki, uzun fasilədən sonra mayın 14-də komissiyanın Bakıda ilk iclası keçirilib.
Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib.
Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.
Cari il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər.
Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil oldu. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib.