Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı və Ankaranın Suriya örnəyi - Strateji tərəfdaşlardan Qərbə növbəti dərs
Suriyada Bəşər Əsəd rejiminin çöküşü, hadisələrin inkişafı dünyanın diqqət mərkəzindədir. Tarixi günlər yaşayan Suriyada baş verənlər tək bu ölkə deyil, bütövlükdə dünya üçün əhəmiyyət kəsb edir.
Bəşər Əsədin gedişi Suriya xalqının önündə hər mənada yaxşı fürsətlər açıb. Bundan necə yararlanacaqlar, bunu proseslərin gedişi göstərəcək. Hələ ki ölkə qarışıq, narahat günlərini yaşayır.
Suriya probleminin həllində ilk gündən qardaş Türkiyənin rolunu xüsusi qeyd etmək yerinə düşər. Rəsmi Ankara Suriya böhranından əziyyət çəkən dövlət kimi bu ölkədə sülh və əmin-amanlığın bərqərar olması üçün əlindən gələni edib və etməkdədir.
Nəzərə alaq ki, Suriya ərazisi İŞİD, PKK və digər terror qruplaşmaları üçün münbit baza rolunu oynayıb. Bölgədə hətta erməni terror təşkilatları - ASALA-dan tutmuş, digər qruplaşmaların təlim-məşq bazaları fəaliyyət göstərib. Elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirdiyi ilk bəyanatlarda terrorçuların fəaliyyətinə toxunub və bəyan edib ki, çox yaxın gələcəkdə İŞİD və PKK terrorçularının fəaliyyət göstərdiyi Suriya əraziləri azad ediləcək.
"Türkiyə Suriyada bugünkü nailiyyətləri əldə etmək üçün həddən artıq səy göstərib. Başqalarının Suriya xalqından üz döndərdiyi bir vaxtda biz qapılarımızı qonşu ölkədən qaçan milyonlarla insanın üzünə açdıq. Ankara yeni gərginlik dövrələrinə və Suriyanın təkrar qarşıdurma zonasına çevrilməsinə yol verməyəcək", - deyə Ərdoğan qeyd edib.
Rəcəb Tayyib Ərdoğanın güclü iradəsi sayəsində Türkiyə artıq 13 ildir bütün platformalarda Suriya xalqının müdafiəsində dayanıb. Ankara Suriyanı terrorizm üçün "təhlükəsiz liman" olmaqdan xilas etməyi prioritet elan edib.
Bəs Bəşərdən azad olan Suriya qarşısında hansı təxirəsalınmaz vəzifələr durur? Sözsüz ki, ilk növbədə, Əsədin mənfur rejiminin qalıqlarını sıradan çıxarıb yeni dövlət qurmaq. İkinci təxirəsalınmaz məsələ isə quruculuq-bərpa işləri və yüzminlərlə ölkə vətəndaşının geriyə dönməsinə nail olmaq, humanitar yardımların ayrılması və s.-dir.
Sonuncu məsələ xüsusi əhəmiyyət kəsb edir. Türkiyə ilə yanaşı, Azərbaycan da bu istiqamətdə aktiv mövqe sərgiləyib. Əsəd rejiminin dağılmasından cəmi bir neçə gün sonra, dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev dost və müsəlman Suriya xalqına dəstəyini nümayiş etdirib. Dövlət başçısı Türkiyə Prezidentinə zəng edərək Suriyada baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıb.
Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Ən mühüm olan odur ki, dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, onun ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.
Türkiyə lideri isə bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.
İki ölkə liderinin son telefon danışığı zamanı Suriyadakı vəziyyətin müzakirəsi önəmli və xüsusi əhəmiyyət kəsb edir. Şübhəsiz ki, Türkiyənin Suriyada mövqelərinin güclənməsi bölgədəki vəziyyəti dəyişmək iqtidarındadır. Elə Azərbaycan Xarici İşlər Nazirliyinin Suriyada son vəziyyət barədə bəyanatında da xüsusi vurğulanıb ki, rəsmi Bakı baş verən prosesləri izləyir. Bu çərçivədə, eyni zamanda, qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir.
Qeyd edilib ki, Əsəd rejiminin çökməsindən sonra ölkədə sülh və sabitliyin bərpa olunması, vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir. Burada da qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə rəsmi Bakının Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğu vurğulanıb.
Ən əsası, Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub.
Bəli, Azərbaycan tərəfi bu humanist təşəbbüsləri ilə bir daha göstərmiş oldu ki, xalqların üzləşdiyi çətinliklərə, problemlərə biganə qala bilməz. Necə ki, bu təşəbbüsləri bir sıra ölkələrdə də sərgiləyib. Müharibə vəziyyətində olan Ukraynadan tutmuş, Əfqanıstan, Pakistan və digər ölkələri buna misal göstərmək olar.
Torpaqlarını təkbaşına işğaldan azad edən və hazırda da bu ərazilərdə quruculuq-bərpa işləri aparan dövlət üçün nə qədər çətin olsa da, Azərbaycan dünyaya nümunə olmaqda davam edir. Halbuki, məhz devrilən Əsəd rejimi bir dəfə də olsun Azərbaycanın haqq işinə dəstək nümayiş etdirməyib. Əksinə, işğal siyasəti həyata keçirən Ermənistana qucaq açıb, ərazisində erməni terror qruplaşmalarının fəaliyyətinə göz yumub.
Devrilmiş rejim digər islam ölkələrinə qarşı da biganə münasibəti ilə seçilib. Az qala, onu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) "üz qarası" kimi də qəbul edirdilər. Lakin indi hər şey geridə qalıb və Suriya xalqı da probemlərinin həllinə çalışır.
Beləliklə, Türkiyə və Azərbaycan dövlət başçılarının məlum bəyanatı onu deməyə əsas verir ki, qardaş ölkənin münasibətləri strateji və qarşılıqlı əməkdaşlığa əsaslanır. Əsəd rejimindən xilas olan xalqın humanitar problemlərinin həllində Ankara-Bakı təşəbbüsü digər dövlətlər üçün də siqnal olmalıdır. Bu prosesə İƏT-ə üzv ölkələrin, o cümlədən Qərb dövlətlərinin qoşulması ölkədə humanitar və bərpa-quruculuq işlərinin sürətlənməsinə gətirib çıxara bilər.
Regionda Türkiyənin rolunun güclənməsi həm də Azərbaycanın rolunun güclənməsi deməkdir.
"Report" İnformasiya Agentliyi
"Bəşər Əsəd" teqi üzrə xəbərlər
- Bəşər Əsədin atasının məzarı yandırıldı
- Nərimanov sakinlərinin üzləşdiyi təhlükəli vəziyyət - Xəbərlərin 20:00 buraxılışı
- Tramp: "Suriyalılar ABŞ və Fransanın köməyi olmadan özləri öhdəsindən gəlməlidirlər"
- Peskov hazırda Suriyada vəziyyətə nəzarət edənlərlə Kremlin münasibətlərindən danışdı
- Suriyada mühüm strateji nöqtələrə zərbə endirən İsrailə məlumatları Bəşər Əsəd verib?