Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilib.
Oxu.Az xəbər verir ki, forum çərçivəsində "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.
Panel müzakirəyə "AnewZ" beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edib. Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Qazaxıstan Respublikasının "Xabar" Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı spiker qismində çıxış ediblər.
Müzakirələr zamanı iştirakçılar qlobal informasiya risklərinin sürətlə artması, dezinformasiya kampaniyalarının sərhədləri aşan şəkildə yayılması fonunda türk dövlətlərinin media ekosistemində dayanıqlılığın gücləndirilməsinin strateji zərurətə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, müasir informasiya mühitində məlumatın etibarlılığının qiymətləndirilməsi, tənqidi düşünmə və analitik bacarıqların artırılması, rəqəmsal media tendensiyalarının operativ şəkildə mənimsənilməsi, eləcə də türk dövlətləri üzrə davamlı və təhlükəsiz media ekosisteminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, ortaq tarixi-mədəni bağlara malik türk dövlətləri arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, vahid media standartlarının formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi müasir çağırışlara adekvat reaksiya verilməsi baxımından xüsusilə vacibdir.
İkinci panel sessiya "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzusunda olub.
CBC telekanalının baş redaktoru, Xəbərlər, xüsusi layihələr və SMM şöbəsinin rəhbəri Elmira Musazadənin moderatorluğu ilə keçirilən panel sessiyada MEDİA Müşahidə Şurasının üzvü, millət vəkili Sevil Mikayılova, "Qazaxıstan" Respublika Teleradio Korporasiyası Səhmdar Cəmiyyətinin "Balapan" telekanalının direktoru Makpal Ukenova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov və Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı spiker qismində çıxış edərək rəqəmsal media mühitində əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, birgə kontent istehsalının təşviqi, informasiya mübadiləsinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Paneldə vurğulanıb ki, rəqəmsal informasiya mühitində sürətlə baş verən dəyişikliklər TDT ölkələri arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasını zəruri edir. Qeyd edilib ki, ortaq rəqəmsal layihələrin icrası, informasiya axınının operativ idarə edilməsi və media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi üzv dövlətlərin kommunikasiya imkanlarını genişləndirə, regionda vahid və dinamik media məkanının formalaşmasına şərait yarada bilər.
Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilir.
Oxu.Az xəbər verir ki, Forum çərçivəsində iki panel sessiyanın keçirilməsi nəzərdə tutulur.
Panel sessiyaları "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" və "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzularına həsr olunacaq.
Daha çox foto burada: PhotoStock.az
Aqil Vəlili