Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu SAM-ın direktoru Fərhad Məmmədov Prinston Universitetində (LISD) təşkil edilmiş dəyirmi masada “Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri və münaqişələr” mövzusunda çıxışında deyib.
F.Məmmədov qeyd edib ki, Cənubi Qafqazın üç respublikası müstəqillik əldə etdikdən sonra hər biri özünün fərdi inkişaf yolunu seçib:
“Təəssüf ki, bu yollar bir-biri ilə bəzən ziddiyyətdədir. Əfsuslar olsun ki, Cənubi Qafqaz nə siyasi, nə iqtisadi, nə də mədəni inteqrasiya baxımından mükəmməl regiona çevrilə bilməyib. Pozitiv nümunə qismində isə Azərbaycan və Gürcüstan arasında olan əməkdaşlığı göstərmək olar. Belə ki, son iyirmi il ərzində ölkələrimiz arasında sağlam, qarşılıqlı faydalı və qarşılıqlı asılılıq prinsipinə söykənən münasibətlər formalaşıb. Azərbaycan özünün əsas neft və qaz kəmərlərini Gürcüstan ərazisindən çəkib, burada dəmir yolu xətti inşa edir və bu ölkənin iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya qoyub. Hazırda bütün region maliyyəsinin 80%-i Azərbaycanda cəmləşib və Cənubi Qafqaz ölkələrinin ümumi daxili məhsulunun 76%-i onun payına düşür”.
Azərbaycanın bütün diqqətini müstəqil dövlət quruculuğuna yönəltdiyini diqqətə çatdıran SAM direktoru rəsmi Bakının Gürcüstanın enerji təhlükəsizliyini təmin etməklə, bu ölkəyə sərmayələr qoymaqla onun real müstəqilliyinə şərait yaratdığını da vurğulayıb.
www.apa.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin