İyunun 3-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə geniş tərkibdə görüşü olub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım görüşdə çıxış ediblər.
15:15
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 3-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub.
Oxu.Az-ın xəbərinə görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.
Türkiyənin Baş naziri vəzifəsinə seçildikdən sonra Binəli Yıldırımın ilk səfərini Azərbaycana etməsinin əhəmiyyəti vurğulanıb. Bu səfərin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
14:52
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın iyunun 3-də rəsmi qarşılanma mərasimi olub.
Oxu.Az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verib.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Baş nazir Binəli Yıldırım Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Binəli Yıldırıma, Türkiyə nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Binəli Yıldırımın qarşısından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Binəli Yıldırım və xanımı Semiha Yıldırım rəsmi foto çəkdiriblər.
11:45
Türkiyənin yeni baş naziri Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri başlayıb.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında B.Yıldırımı Azərbaycan rəsmiləri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıb.
Səfər zamanı B.Yıldırım Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edəcək, eləcə də mühüm regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparacaq.
10:17
Bu gün Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, səfər çərçivəsində B.Yıldırımın Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.