Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktik simpozium keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan və Türkmənistanın Xarici İşlər nazirliklərinin yüksəksəviyyəli rəsmiləri, deputatlar, diplomatik korpus nümayəndələri və beyin mərkəzlərinin təmsilçiləri iştirak ediblər.
BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov, Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov, Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev çıxış ediblər.
Daha sonra birinci paneldə Azərbaycan-Türkmənistan çoxşaxəli əməkdaşlığı müxtəlif aspektlərdən təhlil olunub.
Milli Məclisin deputatı, parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı, nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev və BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlı çıxış edərək Xəzər regionunda nəqliyyat dəhlizləri, enerji resurslarının birgə istifadəsi və mədəni-humanitar əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.
"Türkmənistanın daimi neytrallıq statusu sülh, regional və qlobal miqyasda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün təsirli bir vasitə kimi" başlığı ilə keçirilən ikinci paneldə BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov və politoloq, tarixçi və televiziya aparıcısı Teymur Atayev neytrallıq konsepsiyasının beynəlxalq hüquq və diplomatiya kontekstində əhəmiyyətini izah ediblər.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
Məhərrəm Əliyev