Bu gün Bakıda Böyük Britaniya səfirliyinin Azərbaycanda Viza Müraciət Mərkəzinin rəsmi açılış mərasimi olub.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıqın bildirdiyinə görə, mərkəz Azərbaycan vətəndaşlarının Britaniyaya daha asan, daha rahat səyahət etməsini təmin etmək məqsədilə yaranıb.
Səfir bildirib ki, bununla bağlı bəzi anlaşılmazlıqların olduğu barədə məlumatları var:
“Bəzi insanlar deyir ki, səfirlik bağlanır, viza almaq mümkün olmayacaq, bunun üçün başqa bir ölkəyə getmək lazım gələcək.
Amma bunlar həqiqətə uyğun deyil. Viza prosedurunda heç nə dəyişilmir. Sadəcə səfirlik əvəzinə siz bu rahat və böyük ofisə gəlirsiniz.
Mərkəzdə viza üçün sənədlərin təqdim olunması prosesi rahatlaşıb.
Eyni zamanda bu mərkəz səfirliklə müqayisədə daha çox müştəri qəbul etmək iqtidarındadır. Yeni şirkət Azərbaycan vətəndaşlarına daha keyfiyyətli xidmətlər göstərmək məqsədilə yaradılıb”.
İ.Sıddıq deyib ki, Britaniya hökuməti Azərbaycan vətəndaşlarına və bütün Britaniyaya səfər etmək istəyən hər kəsə rahat xidmət göstərmək istəyir. Xidmətlər çox operativ şəkildə göstəriləcək. Diplomatın sözlərinə görə, vizanı tez almaq üçün sənədləri daha tez təqdim etmək lazımdır. Vizanın rəsmi verilmə müddəti isə 15 iş gündür.
“Azərbaycandan Britaniyaya çox insan səyahət edir, biz istəyirik ki, səyahət edənlərin sayı daha da artsın. Mənim əsas mesajım budur ki, heç nə dəyişilmir, əksinə, viza almaq daha da asanlaşır və bu, Azərbaycan-Britaniya insanları arasında əlaqələrin möhkəmlənməsi üçün növbəti addımdır”.
Britaniya Vizaları və Miqrasiya Mərkəzinin nümayəndəsi Kris Veyt deyib ki, qlobal kontekstdə baxanda Britaniya bu modeli bütün dünyada tətbiq edir.
Qeyd edək ki, hazırda Teleperformance LLC Böyük Britaniya səfirliyinin Azərbaycanda Viza Müraciət Mərkəzinin idarəedilməsi ilə məşğuldur.
Viza müraciətləri barədə qərar Böyük Britaniya Vizaları və Miqrasiya agentliyinin İstanbuldakı mərkəzi tərəfindən verilir. Müraciətlərə baxılma müddətinə heç bir dəyişiklik edilməyib.