"Cəbrayıldan çox çətinliklə çıxdıq. Heç nə götürmədik, başıaçıq, ayağıyalın qaçıb canımızı güclə qurtardıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Şəhla Səmədova deyib.
O bildirib ki, illərlə bu günün həsrəti ilə yaşayıb:
"Cəbrayıldan bacımla, ailəmlə birlikdə çıxmışam. Çox ağır günlər yaşadıq həmin gün. Bu gün isə hamı üzündə sevinc, təbəssümlə öz yurduna qayıdır. Bunu sözlərlə anlatmaq çox çətindir.
Cəbrayılda ən birinci atamın məzarını ziyarət edəcəyəm. Daha sonra uşaqlığımı itirdiyim o küçələri, o yerləri axtarıb tapacağam.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versi!"
Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 53 ailə (198 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Rövşən Əsədov