Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ceyhun Bayramov Çinin yeni səfirini qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Lu Meyi qəbul edib.
Xarici İşlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, səfir Lu Mey etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya, humanitar aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Ötən ilin "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbulu ilə əlamətdar olduğu, sözügedən bəyannamədən irəli gələrək strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində səylərin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda, yüksək səviyyəli səfərlər və məsləhətləşmə mexanizmlərinin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Ötən il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının təqdirəlayiq olduğu vurğulanıb.
Səfir qəbula görə təşəkkür edib, Azərbaycandakı fəaliyyəti müddətində strateji tərəfdaşlıq münasibətlərinin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş olub
- Ceyhun Bayramov: "Bakı Limanının aparıcı logistika mərkəzinə çevrilməsi istiqamətində işlər görülür"
- Feridun Sinirlioğlu: "ATƏT Azərbaycan və Ermənistanın sülh prosesini dəstəkləyəcək"
- Ceyhun Bayramov: "Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur"
- Ceyhun Bayramov: "ATƏT-ə üzv ölkələrin daha çevik addımlar atmasını təşviq edirik"