Bakıda "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Cəlal Mirağayevi qətlə yetirməkdə şübhəli bilinən Emin Qoşqar oğlu Rəhimov ("Sabunçu Emin" ləqəbli) və dostu Elmar Sücayət oğlu Cəfərov başqa cinayətə görə axtarışda olublar.
Oxu.Az xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatdan aydın olur.
Qeyd edilib ki, aparılan istintaq tədbirləri nəticəsində Cəlal Mirağayevin başqa cinayət əməlinə görə axtarışda olan Elmar Cəfərov və Emin Rəhimov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə, digər şəxslər isə yuxarıda qeyd olunan müvafiq maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında saxlanılan bütün şəxslərin barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cəlal Mirağayevin qətlə yetirilməsi ilə əlaqəli olduğundan qeyd edilən cinayət işləri, habelə adları qeyd olunan şəxslər barəsində əvvəllər başlanmış cinayət işləri bir icraatda birləşdirilib, prokurorluq və daxili işlər orqanlarının peşəkar müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmaqla cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Azərbaycan Respublikasının baş prokuroru tərəfindən Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə nəzarətə götürülüb.