ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Azərbaycanın işğal altındakı Laçın rayonunda edilən hücumun yeni təfərrüatları məlum olub.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, həmsədrlər Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və İqor Popov (Rusiya) mayın 16-da və 17-də İrəvanda görüşlər keçirdikdən sonra Zod aşırımından keçərək ermənilərin çəkdikləri yeni yolla işğal altındakı Kəlbəcər rayonuna gəliblər.
Oradan həmsədrlərin maşın karvanı işğal altındakı Laçın rayonuna yola düşüb və burada vasitəçiləri separatçı “DQR” rejiminin təşkil etdiyi kütlə qarşılayıb.
Laçın şəhərinin mərkəzində 200-ə yaxın erməni həmsədlərin maşınlarının qarşısını kəsib və onların maşından düşməsini tələb ediblər. Toplaşanlar “Daşnaksütun” erməni inqilabi federasiyasının Qarabağ özəyinin gənclər təşkilatının üzvləri olublar.
Daşnakların hədəfi amerikalı həmsədr Ceyms Uorlik olub. Onlar C.Uorlikdən bir neçə gün əvvəl Vaşinqtondakı Karnegi Fondunda səsləndirdiyi sülh prinsiplərinə aydınlıq gətirilməsini tələb ediblər.
Xəbər verildiyi kimi, Ceyms Uorlikin açıqladığı sülh prinsiplərində Laçın rayonundan Dağlıq Qarabağın Ermənistanla birbaşa əlaqəsini təmin etmək üçün dəhliz ayrılmasını, ancaq rayonunun qalan hissəsinin Azərbaycana verilməsi də əksini tapmışdı. Uorlikin açıqladığı prinsiplərin xüsusən bu hissəsi erməniləri ciddi narahat edib. Belə ki, uzun illərdir danışıqlarda erməni tərəfi Laçının qaytarılması məsələsindən israrla imtina edir.
