Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Choi Suk-in və onu müşahidə edən heyət Tovuz rayonuna səfər edib. Koreya səfiri ilk olaraq icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Q.Paşayeva ilə görüşüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, görüş zamanı icra başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva Koreyalı diplomata Tovuz rayonunun coğrafi mövqeyi, təbii resursları, iqtisadi və turizm potensialı barədə geniş məlumat veriblər.
Daha sonra Koreyanın Azərbaycandakı səfiri millət vəkili Qənirə Paşayevanın və rayon icra hakimiyyəti rəsmilərinin müşayiəti ilə Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində, ön cəbhə nöqtələrində də olub. Burada səfirə mürahibə dövrü ilə bərabər atəşkəs dövründə də Ağdamın və Tovuzun digər ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib.
Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verilib.
Ağdam kəndi sakinləri beynəlxalq təşkilatların laqeydliyi və 2-li standartları barədə səmimi fikirlərini də söyləyiblər və Koreya səfirindən ölkəsinin bu məsələdə ədaləti dəstəkləyən mövqeyini daha da gücləndirməsini xahiş ediblər. Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi deyən Koreya səfiri Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini tapmasında maraqlı olduqlarını vurğulayıb. Tovuza ilk dəfə səfər etdiyini deyən Koreya səfiri rayonun çox xoşuna gəldiyini, maraqlı müzakirələr keçirildiyini və Tovuzla geniş tanış ola bildiyini deyərək ölkəsi ilə bu bölgə arasında əməkdaşlıq, ortaq layihələrin həyata keçirilməsi, humanitar istiqamətlərdə müxtəlif layihələrin genişlənməsinə dəstəyini əsirgəməyəcəyini də bildirib.