Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Demokratiya dərsi keçən ABŞ zorakılıq, irqi ayrı-seçkilik qarşısında acizdir - VİDEO
Mayın 25-də ABŞ-ın Minnesota ştatında afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən boğularaq öldürülməsi nəinki Birləşmiş Ştatları, bütün dünyanı silkələyib.
Baku TV xəbər verir ki, Floydun “nəfəs ala bilmirəm” deyərək polisin dizi altında çırpındığı videolar sosial şəbəkələrdə sürətlə yayılıb və elə ertəsi gündən etibarən insanlar küçələrə axışıb.
Corc Floydun xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, oksigen çatışmazlığından dünyasını dəyişdiyi və məhz polis tərəfindən boğularaq öldürüldüyü təsdiqlənib. Floydu boğaraq öldürən polis həbs edilib. Hadisəyə şahidlik edən üç polis işçisi isə işdən çıxarılıb. Bütün bunlara baxmayaraq, xalqın hirsi soyumayıb.
Aylardır davam edən koronavirus infeksiyası ilə mübarizə unudulub, bütün sosial məsafələr pozulub və etiraz aksiyaları bütün ştatlara yayılıb. Başda Minneapolis şəhəri olmaqla, Nyu-York, Çikaqo, Los-Anceles, San-Fransisko və paytaxt Vaşinqtonda komendant saatı elan edilib, qaydaları pozanlar saxlanılıb. Təkcə Vaşinqtonda 300-dən çox şəxs həbs edilib. Ümumilikdə, ştatlarda saxlanılanların sayı 10 mini keçib.
Dinc yolla başlayan aksiyalara polisin müdaxiləsi nəticəsində qəzəbli xalq bir qədər də irəli gedib. Etirazçılar tərəfindən polis məntəqəsi və Ağ Evin yanındakı kilsə yandırılıb, mağazalar talan edilib, bahalı avtomobillərə od vurulub, yollara barrikadalar qurulub və s.
Əvvəlcə milli qvardiyanın 17 min döyüşçüsünü etirazlara səfərbər edən Prezident Donald Tramp baş verənləri etiraz aksiyası yox, terror aktı adlandırıb. Lakin Vaşinqtonla aralarında soyuq küləklərin əsdiyi Avropa rəhbərliyi dinc etirazları dəstəklədiyini bəyan edib.
İğtişaşlarda ölən və yaralananların sayı da hər keçən gün artmaqda davam edir. Ümumilikdə, 11 nəfər ölüb, aralarında polislərin də olduğu yüzlərlə insan xəsarət alıb. Baş verənləri kənardan idarə olunan təxribat kimi qiymətləndirənlər də oldu. Ağ Evin bir sıra rəsmiləri, siyasi ekspertlər vaxtilə Ferqyuson iğtişaşlarında, 4 il əvvəlki seçkilərdə olduğu kimi bugünkü hadisələrdə Moskvanın müdaxiləsini istisna etmirlər.
Son olaraq iki gün əvvəl Donald Tramp və Vladimir Putin arasındakı telefon söhbətində də şübhəsiz ki, bu mövzu gündəmdə idi. Lakin səbəb və bəhanə nə olursa-olsun, görünən mənzərə acınacaqlıdır. Hər nə qədər güclü iqtisadiyyata, dərin tarixə və müasirliyə sahib olsa da, XXl əsrdə dünyaya demokratiya dərsi deyən Birləşmiş Ştatlar polis zorakılığı, irqi ayrı-seçkiliyin qarşısında acizdir.
