Fransa Prezidenti Emmanuel Makron oktyabrın 6-da Praqada baş tutan dördtərəfli görüşdən sonra ardıcıl olaraq Azərbaycan əleyhinə təhqiramiz ifadələr səsləndirdi. Bununla yetinməyən Makron Qarabağı “mübahisəli ərazi” adlandıraraq bölgənin Ermənistanın “ürəyi” olduğunu və Fransanın daim Ermənistana dəstək göstərəcəyini vurğuladı. Bütün bu hadisələr isə vaxtilə ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə “həllinə” çalışan Fransanın 23 il ərzində tutduğu “tərəfsiz mövqeni” açıq şəkildə gözlər önünə sərdi.
Bütün baş verənlərdən sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun “Praqa: sülhə gedən yolda əsas mərhələdir” məqaləsini yayımlaması isə olduqca gülməli bir vəziyyət yaratdı. Belə ki, səfir dördtərəfli görüşdə Fransa prezidentinin iştirakının Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malik olduğunu bildirdi:
“Avropa İttifaqının sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir. Yaşasın Praqa ruhu!”
Halbuki “Praqa ruhu”nu Makron anti-Azərbaycan bəyanatları ilə torpağın dərin qatlarına basdırdı.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında ilk olaraq Zakari Qrosun belə bir addım atmasına aydınlıq gətirib:
:640.jpg)
“Hər bir səfirin borcudur ki, ölkəsini müsbət rakursda təqdim etsin. Ancaq baxaq görək, cənab Qrosun dedikləri nə qədər inandırıcıdır? Onun dediyi ilə İranın Azərbaycandakı səfirinin dedikləri eyni dərəcədə “həqiqəti” əks etdirir. Yəni Azərbaycan xalqı onların heç birinin dediklərinə inanmır. Bu gün hadisənin harada baş verməsindən asılı olmayaraq istənilən bir informasiyanı hər kəs çox asanlıqla əldə edə bilir. İnformasiya əlçatanlığı 30 il bundan əvvəlkindən 30 dəfə asandır. Əgər İranın səfiri: “İran Azərbaycanla yox, Ermənistanla sərhəddə təlim keçirir”, - deyirsə, hamı bilir ki, bu, cəfəngiyyatdır. Fransanın buradakı səfirinin ölkəsinin regionda sülhün yaranmasında guya müsbət rol oynadığı haqda iddiası da o qəbildəndir. Əgər hər şey onun dediyi kimidirsə, onda niyə ABŞ səfiri ilə birlikdə Şuşaya getmək istəmirlər? Onların qarşısını nə kəsir? Bir də səfir çox şey deyə bilər, amma əsas səfirin təmsil etdiyi ölkənin başında duran şəxsin hərəkətləri, verdiyi açıqlamalardır”.
Millət vəkilinin sözlərinə görə, Zakari Qrosun açıqlaması ondan xəbər verir ki, o öz dövlət başçısının hərəkətindən xəcalət çəkir:
“Çünki buradadır və reallığı, Azərbaycanın regionda rolun yaxşı bilir. Bunların fonunda öz dövlətinin başçısının fikirlərinin nə dərəcədə təxribatçı səsləndiyinin və ilk növbədə də Fransanın buradakı maraqlarına böyük zərbə vurduğunun yaxşı fərqindədir”.
Fransa prezidentinin Azərbaycan əleyhinə verdiyi açıqlamalara gəldikdə isə deputat hesab edir ki, bu, bizim mövqelərimizə elə də təsir edəsi deyil:
“Amma Avropanın özündə parçalamağa cəhddir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və oradakıların buna nə qədər ehtiyacı olduğunu göz önünə gətirək. Bir də Fransanın bizim enerji resurslarımızı boykot etməklə bağlı çağırışlarına baxaq. Bu çıxış kimin maraqlarına xidmət edir? Biz açıq şəkildə görürük ki, Fransa prezidentinin çağırışları birbaşa Rusiyanın maraqlarına cavab verir. Bu ya bilərəkdən baş verir, yəni gizli bir anlaşmanın nəticəsidir, ya da Fransa Rusiyanın bəlli strukturlarına bağlı hay lobbisinin təsiri altındadır. Hiss olunur ki, o hay lobbisində Fransa prezidenti ilə bağlı hansısa kompromatlar var. Elə ona görə də aldıqları tapşırığa uyğun şəkildə onu istədikləri kimi oynadır, Fransanın dövlət maraqlarına tamamilə zidd, təxribatçı, reallıqdan uzaq və həddini aşan bəyanatlar verdirirlər”.
Sayad Həsənli