"Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında regional inteqrasiyanın yeni mərhələsi başlayır. Prezident İlham Əliyevin Özbəkistana səfəri, Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü bunu bir daha təsdiqlədi. Azərbaycanın tamhüquqlu iştirakçı qismində bu formata qoşulmasına dair tarixi qərar qəbul edildi".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, artıq ölkəmiz Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə fəxri qonaq kimi deyil, tamhüquqlu üzv kimi iştirak edəcək:
"Belə ki, Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir. Yəni, Mərkəzi Asiya 5-dən böyükdür və Azərbaycan da bu regionun tərkib hissəsidir. Bundan sonra Mərkəzi Asiya çərçivəsində keçirilən bütün görüşlərə Azərbaycan da qatılacaq. Burada Cənubi Qafqazın lokomativi olan Azərbaycanın fəaliyyətini Mərkəzi Asiya istiqamətində genişləndirməsindən söhbət gedir. Cənab Prezidentin də söylədiyi kimi, "Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur".
"Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Tərəflər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar sərgiləyir.
Mürəkkəb geosiyasi proseslər kontekstində region ölkələri arasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi zərurətə çevrilib. Əməkdaşlığı daha da gücləndirmək, təhlükəsizliyə və davamlı inkişafa təhdidlərə qarşı koordinasiyalı cavab hazırlamaq yeni dövrün əsas vəzifələrindəndir. Bu xüsusda regional dialoqun strateji formata çevrilməsi vacibdir. Region ölkələri həmçinin ticarət, iqtisadi və investisiya əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədir. Belə ki, ilkin mərhələdə hədəf qarşılıqlı ticarət həcmini və ümumi xarici ticarət dövriyyəsini 1,5-2 dəfə artırmaqdır. Regionda vahid investisiya mühitinin formalaşdırılması, virtual ticarət platformalarının yaradılması da əsas prioritetlər sırasındadır. Regionun yüksək texnologiyalı infrastrukturu və nəqliyyat-logistika potensialı yaxşı imkanlar yaradır", - deyə müsahibimiz vurğulayıb.
Parlamentari bu xüsusda Orta Dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizinin xüsusi əhəmiyyəti olduğunu qeyd edib:
"Belə ki, dövlət başçımız bir daha bəyan etdi ki, "Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir".
Beləliklə, qısa müddət ərzində Mərkəzi Asiya regionu dialoqdan real tərəfdaşlığa keçdi. Cənubi Qafqaz ilə bu region arasında güclü bir körpü formalaşmaqdadır. Bu isə hər iki regionda sabitliyi daha da gücləndirəcək".
Mərahim Nəsib