Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Deputat: Son sözü Azərbaycan əsgəri deyəcək
Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərinin keçirilməsində məqsəd ordunun döyüş hazırlığını, döyüş qabiliyyətini yüksəltməkdir. Həmçinin, orduda olan silah-sursatdan, hərbi texnikadan istifadə qaydalarına əsgərlər, hərbçilərin ən peşəkar və ən yüksək səviyyədə yiyələnməsidir.
Bunu Oxu.Az-a açıqlamasında Xocalının sabiq icra başçısı, Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, ümumiyyətlə, Azərbaycan ordusu özünün döyüş qabiliyyətinə, hərbi hazırlığına görə bu gün dünyanın ən güclü orduları sırasındadır.
“Biz elə bir regionda yaşayırıq, Allah-təala bizə elə bir pis qonşu qismət edib, daha doğrusu, onları elə yerlərdən tapıb, gətirib bizim tarixi torpaqlara töküblər ki, hər zaman ordumuzu yüksək döyüş vəziyyətində saxlamalıyıq, buna məcburuq.
Bu gün Azərbaycan ordusunun qarşısında torpaqları işğaldan azad etmək, dövlətimizi qorumaq vəzifəsi durur. Ona görə də vaxtaşırı bu hərbi təlimlər keçirilir və keçirilən hərbi təlimlər də artıq bir neçə ildir, xüsusilə son bir neçə ildə daha yüksək səviyyədə baş tutur.
Bu hərbi təlimlər tam döyüş hazırlığı səviyyəsinə uyğun və belə demək mümkünsə, həqiqi döyüş xarakterli hərbi təlimlərdir. Burada yüz, iki yüz nəfərin yox, minlərlə, on minlərlə əsgərin - hərbçinin iştirakından, aviasiyadan tutmuş bütün növ hərbi texnikanın cəlb edilməsindən söhbət gedir.
Bunlara adi təlimlər kimi baxıb keçmək olmaz və bu, düzgün deyil. Bunlar əsl döyüş xarakterli təlimlərdir. Təbii ki, bu təlimlər nəticə etibarilə düşməni, erməni işğalçıları və qəsbkarlarını təşvişə salır, düşmən tərəfdə həyəcan yaradır.
Mən bir Azərbaycan vətəndaş kimi, çox arzu edirəm ki, bu hərbi təlimlər düşmənə qarşı hərbi əməliyyatlara çevrilsin. İnşallah, bu da mütləq olacaq. Çünki gedişat onu göstərir ki, erməni işğalçıları xoşluqla Azərbaycan torpaqlarından çıxıb getmək istəmirlər, onlar hələ də “Böyük Ermənistan” xülyası ilə yaşayırlar.
Ona görə Azərbaycan ordusu hər an döyüşə hazır olmalıdır və elə hərbi təlimlərin əsas məqsədi də budur. Hesab edirəm ki, son sözü Azərbaycan əsgəri deyəcək. Torpaqlarımız işğaldan azad olunacaq, ərazi bütövlüyümüz təmin ediləcək”, - deyə millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU