Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cahil kütləni qafiyə ilə söysən, xoşuna gələcək - Meyxana söhbətinin davamı
Kəramət Böyükçöl yazır...
Bu yaxınlarda meyxana ilə bağlı “Facebook“ sosial şəbəkəsində yazdığım fikirlər cəmiyyətdə birmənalı qarşılanmadı. Məni bir çox verilişlərə, debatlara çağırdılar, müzakirələr getdi, amma nədənsə, mənə elə gəldi ki, fikrim yenə yarımçıq qaldı. Qaqaş təfəkkürlü gənclərdən tutmuş ağsaqqal düşüncəli qocalara kimi hər kəsi məni qınadı, söydü, hədələdi. Mən isə öz-özümə düşündüm ki, ilahi, bu kütlənin cahilliyindən, avamlığından hər kəs istifadə edir, hamı pul qazanır, bircə yazıçılardan başqa. Çünki yazıçı onların ağrısını, əzabını çəkir. Yazıçı onlara və onların gələcəyinə görə narahatdır. Məsələn, bir manısın nəyinə lazımdır ki, kütləni nadanlıq yuxusundan oyatsın? Əksinə, bütün fəaliyyəti, işi-gücü o nadan kütləyə laylay çalmaqdan ibarətdir.
Yazarlarımız tez-tez təəssüf və ürək ağrısı ilə deyir ki, Azərbaycan xalqı Namiq Qaraçuxurlunun, Nadir Qafarzadənin xalqıdır, onun düşüncəsinin, təfəkkürünün xalqıdır. Çünki xalq öz mənəvi qidasını Namiqdən asanlıqla ala bilir. Yadıma gəlir, onun məşhur “Rəvayət”i uzun illər Azərbaycan xalqının beynini necə məşğul elədi, camaatın işini-gücünü töküb qulaq asdığı o boş və mənasız söz yığını bütöv bir nəslin yaddaşında elə silinməz iz buraxıb ki, hələ də özlərinə gələ bilmirlər. Təkcə Namiqmi?
Fikir verin, xalq onlara pul verir, maşın verir, ev verir, xalq onlara gündə bir paltar geyindirir, gündə bir Avropa ölkəsinə aparır, gəzdirir. Əminəm ki, istənilən demokratik seçkidə Namiq Qaraçuxurlu Qara Qarayevə qalib gələr, Pərviz Bülbülənin qabağına isə ümumiyyətlə, heç kim çıxa bilməz. Amma tutaq ki, xalq öz mənəvi qidasını Arif Məlikovun bəstələrindən, Vaqif Bayatlının şeirlərindən ala bilsə, meyxanaçılar efirlərdə at oynatmazdı və biz daha intellektual, daha ağıllı, daha demokratik, daha sivil bir cəmiyyət olardıq. Məsələn, kişi arvadının başını qırxıb videoya çəkməzdi, qardaş sevdiyi oğlanla mesaj yazdığına görə bacısının başını kəsməzdi və s.
Razıyam, Azərbaycanda meyxanaya tələbat çox böyükdür. Çünki təfəkkür, beyin uzun müddət bu mənasız deyişmə ilə qidalanıb, insanlar vərdiş edib. Vallah, dərinə gedəndə söhbət heç meyxanaçılardan da getmir. Rəşad Dağlı, Mehman Əhmədli, Ağamirzə, Ələkbər Yasamallı, Namiq Qaraçuxurlu ilə mənim nə düşmənçiliyim var? Onlar özləri də canlı efirlərdə açıq-aydın dilə gətirir ki, camaata çörəkpulu kimi baxırlar. Tələbat var, biz də gedib oxuyuruq, pulumuzu qazanırıq. Vəssalam!
Bəs problem nədir? Məsələn, əziz oxucu, sizcə, meyxanaya qulaq asan kütlənin cinayət törətmək, oğurluq eləmək, adam öldürmək ehtimalı daha böyükdür, yoxsa “Səfillər” oxuyan, Tolstoy oxuyan, Hüseyn Cavid, Mirzə Cəlil, Vaqif, Yusif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı, Markes, Pamuk oxuyanın? Yaxud, eksperiment üçün deyirəm, iki balaca uşağın ayrı-ayrı otaqlarda böyüməsi üçün şərait yaradılsın, biri ancaq meyxanaya qulaq assın, o biri isə bizim Aqşin Yeniseyin, Aqşin Evrenin, Şəhriyar del Geraninin şeirlərini oxusun. Sonra ikisi də cəmiyyətə buraxılsın və kənardan müşahidə edilsin, hansının nə işlə məşğul olduğuna fikir verilsin. Meyxanaya qulaq asan uşaq təxminən, “07” maşının qabağını süni şəkildə yuxarı qaldıran, musiqinin də xodunu verib maşını bərk qazla sürən, yolun ortasında maşını qəfil sağa döndərən, maşını iki təkər üstündə qaldıran əli təsbehli bir gənc olacaq. Leksikonu “brat”, “qədeş”, “ala” ifadələri ilə zəngin olan, necə deyərlər, yaxşı bir oğlan olacaq. Lazım olsa, 15 il də içəridə oturan, amma dediyi sözdən dönməyən bu gənc cəmiyyətə, lap elə özünə başqa nə verə bilər ki? Amma ciddi ədəbiyyatdan, ciddi musiqilərdən, ciddi sənətdan qidalanan o biri gənc əminəm ki, ən azı Bakı Dövlət Universitetində oxuyacaq. Heç dünyanın böyük universitetlərini demirəm. Seçki nədir biləcək, konstitusiya nədir dərk edəcək, müasir dünyəvi təfəkkür, sivil münasibətləri anlayacaq, həm cəmiyyəti, həm də özü üçün nümunəvi bir yol düşünüb tapacaq.
Meyxananın yetişdirdiyi insanla ciddi sənətin yetişdirdiyi insan arasında yerlə göy qədər fərq olur. Meyxananın bir musiqi, janr kimi sanki tərkibində narkotik maddə var. Tez ovsunlayır, tez öyrəşirsən, tez uyğunlaşır, tez aldanırsan, aralana bilmirsən. Asan həzm olunur, əziyyət, zəhmət tələb eləmir, Rəşad Dağlının, Pərviz Bülbülənin nə dediyini başa düşmək üçün səndən düşüncə tələb olunmur, yerindəcə anlayırsan. Amma tutaq ki, ciddi ədəbiyyatla məşğul olan yazarı oxumaq, həzm eləmək üçün bir az əziyyət çəkməlisən, bir az düşünməlisən. Bu yüngülvari əziyyət, yüngülvari düşünmək səni bir insan kimi nə qədər yetişdirir, daxilən nə qədər gücləndirir, kaş bunu anlaya biləydin.
Cahil, savadsız kütləyə ağzına gələni de, dişinin dibindən çıxanı de, ümumiyyətlə, nə deyirsən de, bircə qafiyə ilə de, xoşlarına gəlir, ləzzət eləyir. Qafiyə ilə dediyin o sözləri adi nəqli cümlə şəklində təzədən dilə gətirsən, dəli olarlar, başlarına hava gələr, adamı yortarlar. Meyxana məhz bu xüsusiyyətinə görə bizim insanların sevimli janrına çevrilib. Meyxana məhz bu xüsusiyyətlərinə görə Azərbaycan xalqının iliyinə işləyir. Məhz bu xüsusiyyətlərinə görə meyxananı xalqın dəyəri hesab edirlər. İki yekə kişi qabaq-qabağa oturub bir-birlərinə ağızlarına gələni deyir, böyük bir kütlə də onlara əl çalır, fit çalır, dəstəkləyir. Bundan böyük dəhşət, bundan böyük faciə yoxdur. Ən böyük dəhşət odur ki, bu xoruz döyüşü Azərbaycan efirinin ən hörmətli tribunalarında göstərilir. Televiziyalar düşüncəsi, təfəkkürü yenicə formalaşan gənclərə göstərir ki, sizin qəhrəmanınız Namiq Qaraçuxurludur, Pərviz Bülbülədir...
Vallah, bu cür bir cəmiyyətin sevimli yazıçısı, sevimli müğənnisi, sevimli deputatı, sevimli müğənnisi olmaqdan asan bir şey yoxdur. İstəsəm, bunu mən hamıdan yaxşı bacararam. Bir nəfəri aldatmaq mümkün olmasa da, bütöv bir kütləni aldatmaq iki vur ikidir. Ancaq aldatmıram. Amma bunlar efirlərdə, mediada insanların başına sığal çəkir, onların məhəbbətini qazanır, ekran vasitəsilə evlərinə girir, toylarına gedir, pullarını yeyir, özlərinə var-dövlət yığır, kef eləyir, ağrısını, əzab-əziyyətini isə yazıçılar çəkir, söyüşü, təhqiri, hədə-qorxusu yazıçılara qalır.
Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı.
Rəylər