Milli Şuranın avqustun 18-nə təyin etdiyi icazəli mitinqə Bakı Şəhər Baş Polis İdarəsindən də reaksiya gəlib.
Oxu.Az xəbər verir ki, idarənin rəis müavini, general-mayor Səhlab Bağırov Qafqazinfo-ya açıqlamasında deyib ki, bazar günü keçirilməsi nəzərdə tutulan mitinqə icazə verildiyi üçün polis iştirakçıların təhlükəsizliyini təmin edəcək.
Onun sözlərinə görə, mitinq təyin olunduğu vaxtda və yerdə keçirilməlidir:
“Polisin vəzifəsi təhlükəsizliyi təmin etmək və qanunun aliliyini qorumaqdır. İştirakçıların da borcu odur ki, təyin olunmuş yerdən və vaxtdan kənara çıxmasınlar”.
Müxalifətin avqustun 18-də keçirməyi planlaşdırdığı mitinqə maksimum 500 adam gələcək. Bundan artıq ola bilməz. Onların iddia etdikləri kimi 20 min adamın mitinqə gəlməsi isə qeyri-mümkündür.
Bu sözləri AzNews.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası icra aparatının sədr müavini, deputat Mübariz Qurbanlı deyib.
O bildirib ki, hakimiyyət bundan narahat deyil:
“500 adam bir yerə toplaşıb, mitinq keçirirsə, bundan narahat olmağa dəyməz. Bütün güclərini toplasalar da, 500 nəfərdən o yana keçə bilməzlər”.
Qeyd edək ki, Bakı meriyası Milli Şuranın 20-ci sahədə mitinq keçirməsinə icazə verib. Mitinq saat 17:00-dan 20:00-dək davam edəcək.