Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb.
Oxu.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir.
Səfər Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə həyata keçirilir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi altında Ağdərə və Kəlbəcər rayonlarında reallaşdırılan genişmiqyaslı bərpa və quruculuq layihələri ilə tanış olacaqlar.
Diplomatlara regionda həyata keçirilən sosial və iqtisadi infrastruktur layihələri, tarixi-mədəni irs obyektlərinin vəziyyəti, eləcə də onların qorunması və bərpası istiqamətində görülən işlər təqdim olunacaq.
Qeyd edək ki, bu, diplomatik korpusun nümayəndələrinin 2020-ci ildən bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəridir.
Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında paylaşdığı videonun üzərində yazıb.
"Diplomatik korpus nümayəndələri ilə Şuşa və Xankəndiyə səfərimizin ilk günündən. Hazırda Ağdərə və Kəlbəcərə yollanırıq", - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, sentyabrın 11-də Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başlayıb.
1st Day of our visit to Shusha and Khankandi with the diplomatic corps. Now we are traveling to Agdara and Kalbajar. pic.twitter.com/W92uIhm2Lo
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 12, 2026