Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Diplomatlar və onların ailə üzvlərinin təminatı və kompensasiyaları açıqlandı
Diplomatik xidmət orqanı əməkdaşlarının və ailə üzvlərinin təminatı və kompensasiyaları açıqlanıb.
President.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Diplomatik xidmət haqqında qanun"da əksini tapıb.
Diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə diplomatik xidmət orqanı əməkdaşının və onunla birlikdə yaşayan arvadının (ərinin), 18 yaşına çatmamış uşaqlarının və övladlığa götürdüyü şəxslərin, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarının və övladlığa götürdüyü şəxslərin aşağıdakı xərcləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq dövlət tərəfindən ödənilir:
1. diplomatik xidmət orqanı əməkdaşı vəzifəyə təyin olunduqda və geri çağırıldıqda, habelə xidmətinə xitam verildikdə müvafiq diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi şəhərə getmək və Azərbaycan Respublikasına qayıtmaqla əlaqədar tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla nəqliyyat və yüklərin daşınması xərcləri;
2. diplomatik xidmət orqanı əməkdaşının əmək məzuniyyəti ilə əlaqədar onun və ailə üzvlərinin, habelə diplomatik xidmət orqanı əməkdaşının əmək məzuniyyətinə çıxıb-çıxmamasından asılı olmayaraq ailə üzvlərinin ildə bir dəfə Azərbaycan Respublikasına gəlmək və müvafiq diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi şəhərə qayıtmaq həddində nəqliyyat xərcləri;
3. diplomatik xidmət orqanı əməkdaşının tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla, məişət ləvazimatı ilə komplektləşdirilmiş yaşayış sahəsi ilə təmin olunma və ya belə yaşayış sahəsinin icarə xərcləri;
4. diplomatik xidmət orqanı əməkdaşının ailə üzvlərinin qəbul edən dövlətdə ümumi təhsil pilləsi üzrə (məktəbəhazırlıq, ibtidai, ümumi orta və tam orta təhsil) təhsil xərcləri;
5. diplomatik xidmət orqanı əməkdaşının və ailə üzvlərinin müvafiq tibbi xidmət (sığorta) xərcləri;
6. diplomatik xidmət orqanı əməkdaşı və ya ailə üzvləri xaricdə vəfat etdiyi təqdirdə, nəşin Azərbaycan Respublikasına gətirilməsi xərcləri;
7. ailə üzvünün (üzvlərinin) ölümü ilə əlaqədar diplomatik xidmət orqanı əməkdaşının və onun ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və xidmət keçdiyi dövlətə qayıtması ilə bağlı nəqliyyat xərcləri.
Diplomatik nümayəndəlikdə və ya konsulluqda vəzifəyə təyin olunan diplomatik xidmət orqanı əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik yerləşmə müavinəti ödənilir.
Diplomatik xidmət orqanı əməkdaşlarına qəbul edən dövlətdə onlarla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına və övladlığa götürdüyü şəxslərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təhsil müavinəti ödənilir.
Diplomatik xidmət orqanı əməkdaşlarına qəbul edən dövlətdə onlarla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan arvadına (ərinə) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq müavinət ödənilir.
Diplomatik xidmət orqanı əməkdaşlarına qəbul edən dövlətdə onlarla birlikdə yaşayan 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarına və övladlığa götürdüyü şəxslərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq müavinət ödənilir.
Diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə diplomatik xidmət orqanı əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq təmsilçilik müavinəti ödənilir.
Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların diplomatik xidmət orqanı əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödənilir.
Diplomatik xidmət orqanı əməkdaşlarının diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə əldə etdikləri vəsaitin və əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur.
Diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə diplomatik xidmət orqanı əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən istifadə edirlər.
Diplomatik xidmət orqanı əməkdaşının ailə üzvü həmin əməkdaşın xidmət keçdiyi diplomatik xidmət orqanında onun bilavasitə tabeliyində və ya nəzarəti altında olmayan vəzifəyə təyin edilə bilər.
Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşının qəbul edən dövlətdə onunla birlikdə yaşayan, dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada xitam verilmiş arvadı (əri) diplomatik xidmət orqanı əməkdaşının müvafiq diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət müddəti dövründə və ya bu müddət başa çatdığı tarixdən 60 (altmış) təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunur.
Diplomatik xidmət orqanı əməkdaşları "Əmək pensiyaları haqqında", "Sosial sığorta haqqında", "Sosial müavinətlər haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq sosial və icbari tibbi sığorta, eləcə də sığortanın digər icbari növləri və sosial müdafiə ilə təmin olunurlar.
Diplomatik xidmət orqanı əməkdaşlarının pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçuları üçün müəyyən olunmuş qaydada həyata keçirilir.
Diplomatik xidmət orqanı əməkdaşının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə diplomatik xidmət orqanlarında xidmətinə xitam verildikdə, ona qanuna uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 (altı) misli məbləğində birdəfəlik haqq verilir.
Bu Qanunun 13.1-ci, 13.2-ci və 13.5-13.9-cu maddələrinin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə şamil olunur. Onlara təminat və kompensasiyaların verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.
Bu Qanunun 13.1-ci, 13.2-ci və 13.5-13.9-cu maddələrinin müddəaları diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən şəxslərə şamil edilir. Həmin şəxslərin fəaliyyətinin təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Bu Qanunun 13.1-ci, 13.2-ci və 13.5-13.9-cu maddələrinin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə şamil olunur. Həmin nümayəndələrə təminat və kompensasiyaların verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib
- Ağdamda "İmarət" Tarix-Memarlıq Muzey Kompleksi yaradılır - SƏRƏNCAM
- İlham Əliyevdən Artur Rasi‑zadə ilə bağlı SƏRƏNCAM
- İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib
- Prezident İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib