ABŞ ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə sadiq qalaraq həmsədr kimi fəaliyyətini davam etdirir.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib.
Ukraynada baş verən hadisələrlə Dağlıq Qarabağ münaqişəsi arasında əlaqənin olması barəsində verilən suala cavab verən Psaki bu barədə heç bir informasiyası olmadığını deyib.
“Biz ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə sadiq qalaraq həmsədr kimi fəaliyyətimizi davam etdiririk. Bizim Ukraynadakı şərtlərimiz barədə informasiyanız var”, - o deyib.
Amerikalı həmsədr Ceyms Uorlikin “Qarabağ – tənzimlənmə yolları” çıxışına rəy bildirən Psaki qeyd edib ki, həmsədr ABŞ-ın siyasi xəttini əks etdirir.
“Amerika həmsədri münaqişənin sülh yolu ilə həllinin təməl prinsiplərindən danışıb”, - o deyib.
Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, bu ABŞ-ın uzun müddətli mövqeyini vurğulayıb. ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik Karnegi Mərkəzində Vaşinqtonda “Qarabağ – tənzimlənmə yolları” mövzusunda mühazirə ilə çıxış edib.