Ölkə başçısı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə 17 mart 2016-cı il tarixdə Fərman imzalayıb.
Fərmana edilmiş dəyişikliyə əsasən, məhkəmə qərarından savayı, həm də məhkəmə əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt əsasında da verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi Ədliyyə Nazirliyinin vəzifəsidir.
Bu fərman barədə məlumat dərc etmiş bəzi internet resursları məsələni səthi işıqlandırmışdır. Xəbəri oxuyan, lakin dəyişikliyin mətni ilə tanış olmayan oxucu elə başa düşə bilər ki, Ədliyyə Nazirliyi borcu olan şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq hüququ əldə etmişdir.
Əslində isə məsələ ondan ibarətdir ki, nazirlik borcu olan şəxs barədə məhdudlaşdırma məlumatını öz mülahizəsinə görə deyil, yalnız məhkəmənin müvafiq qərarı əsasında texniki olaraq “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edir.
Qeyd etmək zəruridir ki, yeni fərman texniki xarakter daşıyır və qanunvericiliyin uyğunlaşdırılması məqsədi ilə imzalanmışdır.
Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Göründüyü kimi borca görə ölkədən getmək hüququ yalnız məhkəmənin qərarı əsasında məhdudlaşdırıla bilər.
Belə qərar icra qurumuna daxil olduqdan icra məmuru bu barədə dərhal borcluya və tələbkara məlumat verməklə yanaşı, “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi üçün Ədliyyə Nazirliyinin İcra baş idarəsinə məlumat vərəqini göndərir və beləliklə, borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış olur.
Onu da qeyd etmək lazımdır ki, vətəndaşlar Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi elektron xidmətindən istifadə edərək “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na adlarının olub-olmaması barədə məlumat əldə edə bilərlər.
Oqtay Məhərrəmov
www.oxu.az