“Cənubi Qafqazın problemlərini ilk növbədə region dövlətləri özləri həll etməlidirlər”.
Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-nin canlı efirində bildirib.
Onun sözlərinə görə, “3+3” məsləhətçi regional platformasının yaradılması ideyası 44 günlük müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Bu təşəbbüsün məqsədi Cənubi Qafqazın üç dövləti ilə onların ən yaxın qonşuları olan Türkiyə, Rusiya və İran arasında ticarət, nəqliyyat kommunikasiyaları, enerji təhlükəsizliyi, mədəniyyət, elm və s. kimi perspektivli sahələrdə fəal regional əməkdaşlıq və praktiki qarşılıqlı fəaliyyət üçün mövcud ciddi potensialdan istifadə etməkdir.
“Format iştirakçıları oktyabrın 23-də Tehranda keçirdikləri ikinci görüşdə region ölkələrinin regional məsələlərin həllində aparıcı rol oynamalı olduğu barədə yekdil fikrə gəliblər, bu mənada strateji əhəmiyyətli regionun gələcəyinin formalaşmasında öz mülkiyyətimiz və iştirak hissimizi gücləndirmək niyyətindəyik. Buna görə ölkələrin regiondankənar oyunçuların regionun işlərinə zərərli xarici müdaxiləsinə qarşı çıxması təbiidir. Eyni zamanda, sonuncular çox vaxt öz eqoist daxili siyasi mülahizələrinə və maraqlarına əsaslanaraq Cənubi Qafqaz ölkələrinə öz hazırladıqları reseptləri sırımağa çalışırlar. Bunlar isə təəssüf ki, regionda gərginliyi daha da gücləndirir və bununla da uzunmüddətli sülhə nail olmaq perspektivlərini sarsıdır”, - deyə Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb.
Azərbaycana gəldikdə isə, E.Əmirbəyovun sözlərinə görə, bu fenomen ən çox BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Parlamenti və hətta Beynəlxalq Frankofoniya Təşkilatı kimi beynəlxalq qurumlardakı aparıcı rolundan sui-istifadə edən Fransanın timsalında müşahidə olunur.
Daim qərəzli, birtərəfli və açıq şəkildə Azərbaycan əleyhinə təşəbbüslərini irəli sürən Paris, təəssüf ki, öz daxili siyasi gündəminin girovuna çevrilir və bununla da təkcə öz nüfuzuna deyil, həm də Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında mümkün vasitəçi kimi reputasiyasına xələl gətirir.
“Bu yaxınlarda Ermənistana kütləvi şəkildə silah və texnika tədarükünün başlandığını elan edən Fransa regionda sülh və təhlükəsizlik naminə apardığı siyasətin təhlükəli və kifayət qədər proqnozlaşdırılabilən nəticələrinə tamamilə məhəl qoymayaraq, qarşıdurma və Cənubi Qafqaz regionunun daha da hərbiləşdirilməsi yolunu tutub”, - deyə Elçin Əmirbəyov sözlərini yekunlaşdırıb.
Elçin Əmirbəyov: “Cənubi Qafqazın problemlərini region dövlətləri özləri həll etməlidirlər” - AUDİO