Ermənistan qeyri-konstruktiv mövqeyi Qarabağ problemin həllini uzatsa da, problemin sonu yaxınlaşır.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərlə İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.
O, Qubadlı rayonunun işğalı tarixinə də toxunub və bildirib ki, işğal günlərinə yığışmaq təəssüf doğursa da, qalibiyyət uzaqda deyil. Biz tam əminik ki, prezidenti İlham Əliyevin rəhbərliyi altında yaxın gələcəkdə mütləq qalibiyyət gününə yığışacağıq. Gün gələcək, bu torpaqlar azad olunacaq.
Ölkə prezidenti necə ki, Azərbaycan dövlətini, xalqını bütün dünyaya qısa müddətdə tanıdıb, bütün dünyanın maraq mərkəzinə çevirib, bu problemin də həllinə nail olacaq. Hesab edirik ki, ölkədə bu problemdən başqa ciddi problem qalmayıb. Yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir, o da həllini tapacaq.
Ə.Həsənov deyib ki, prezident İlham Əliyev ölkədə olan 1 milyon 200 min qaçqın və məcburi köçkünün həyat şəraitinin yaxşılaşmasını tam təmin edib, bu kateqoriyadan olan insanların sosial problemləri həllini tapıb. Nazir müavininin sözlərinə görə, son 20 ildə isə bu sahəyə 5,4 milyard dollar sərf olunub.
Bunun 81%-i prezident İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrə təsadüf edir. Bu ilin sonunadək məcburi köçkünlər üçün tikilən qəsəbələrin sayı 82-yə, köçürüləcək əhalinin sayı isə 180 min nəfər və 35 minə ailəyə çatacaq. Bu işlərin 91%-i son 10 il ərzində həyata keçirilib.