Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əli Hüseynli: “2023-cü il məhkəmə-hüquq sahəsində mühüm yeniliklərlə yadda qaldı” - FOTO
2023-cü ili geridə qoymağımıza sayılı günlər qalıb. Bu il bir çox digər sahələrdə olduğu kimi, məhkəmələrin fəaliyyətində də islahatlarla yadda qaldı. Məhkəmə-Hüquq Şurasının tərkibi yenidən formalaşdırıldı, hakimlərin seçim mərhələlərinin sayı azaldıldı.
Bu istiqamətdə görülən işlər haqqında Oxu.Az-a danışan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra məhkəmə-hüquq sistemində köklü islahatların həyata keçirilməsi bu il anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Komitə sədrinin sözlərinə görə, onun bu istiqamətdə müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyətdə və yeni çağırışlara uyğun dinamik proses olaraq daha da təkmilləşdirilib:
“Geridə qoyduğumuz 20 il cənab Prezidentin elan etdiyi prioritetlərin sürətlə reallaşması, ölkədə islahatların yeni mərhələyə qədəm qoyması və indiyədək qazanılan uğurların miqyasının daha da genişlənməsi, ən əsası isə ərazi bütövlüyümüzün təmin olunması və Azərbaycan Respublikasının Konstitusiyasının bütöv Azərbaycan ərazisində tam və ən yüksək hüquqi qüvvəsinin bərpa etdirilməsi ilə əlamətdardır. Məhkəmə-hüquq sistemində ölkə rəhbərinin ciddi nəzarəti altında həyata keçirilən tədbirlər isə son nəticədə insan hüquqlarının, hüquqi yardımların əlçatanlığının rahat şəkildə təmin olunmasına yönəlib.
Xüsusilə ədliyyə və müasir məhkəmə-hüquq sisteminin modernləşməsinə ciddi təkan verən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanı məhkəmə-hüquq sisteminin inkişafının və bu sahədə aparılan islahatlar kursunun yeni tarixi mərhələsinin başlanğıcı və hüquqi islahatların “yol xəritəsi” kimi böyük önəm daşıyır.
Dövlət başçısı, bütün sahələrdə olduğu kimi, bu sahədə də yeni yüksək texnologiyaların tətbiqinə ayrıca diqqət yetirir. Tətbiq edilən rəqəmsal innovasiyaların inkişaf etdirilməsi və digər aktual məsələlər müəyyənləşdirilmiş konkret hədəflərə nail olmaq üçün görülən tədbirlər sırasındadır. Artıq bu gün onminlərlə normativ sənədi ehtiva edən “Hüquqi aktların vahid elektron bazası” yaradılıb. “Elektron məhkəmə” informasiya sisteminin prokurorluq orqanlarına inteqrasiyası təmin olunub. Son illər ərzində məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində yüksək texnoloji - “hi-tech” məhkəmə binaları tikilib. “Elektron məhkəmə”nin və onun tərkib hissəsi olan “Elektron icra” sisteminin tətbiqi ədalət mühakiməsinin səmərəsinin artırılması baxımından özünü doğrultmuş layihələrdəndir. İşğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün hüquqi baxımdan heç bir maneə yoxdur”.
Əli Hüseynli vurğulayıb ki, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılıb, özəl ekspertiza təsbit olunub, mediasiya institutu fəaliyyətə başlayıb:
“Ölkənin hər bir bölgəsində apelyasiya məhkəmələri və inzibati ədliyyə institutu təsis edilib, məhkəmələrin və hakimlərin təminatı gücləndirilib. “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələblərinə riayət edilməsinin mütəmadi monitorinqinin aparılması, yüksəkixtisaslı və mənəvi-əxlaqi keyfiyyətlərə malik təcrübəli hüquqşünasların cəlb olunması ilə bütün səviyyələrdə kadr islahatlarının həyata keçirilməsi bu siyasətin tərkib hissəsidir.
Son illər ərzində islahatlar çərçivəsində qanunvericilik aktlarına bir çox dəyişikliklər edilib. Məhkəmə proseslərində videokonfrans və elektron icraat tətbiq edilməkdədir. Məhkəmə rüsumlarının diferensiasiyasının tətbiqi də diqqətçəkən faktlardandır. Bu baxımdan, mövcud məhkəmə infrastrukturunun Dünya Bankının iştirakı ilə müasirləşdirilməsi mühüm hadisədir.
Sözügedən islahatların məntiqi davamı ilə səciyyələnən 2023-cü il də bu baxımdan istisna deyil. Çünki bu proseslər dinamik xarakter daşıyır və üzvi şəkildə bir-birini tamamlayır. Qeyd olunduğu kimi, tezliklə yola salacağımız il də bir sıra mühüm yeniliklərlə - bir sıra məhkəmə orqanlarında kadr islahatları, Məhkəmə-Hüquq Şurasının tərkibinin yenidən formalaşdırılması, hakimlərin seçim mərhələlərinin sayının azaldılması və digər hadisələrlə yadda qaldı.
Bir sözlə, yeni çağırışların formalaşdığı müasir şəraitdə ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafı üçün də yeni imkanlar açır. Bütün bunlar əminlik yaradır ki, bu istiqamətdə həyata keçirilən siyasi kurs növbəti mərhələdə daha səmərəli və əhəmiyyətli tarixi addımlarla müşayiət olunacaq”.
Aysel Aslan
"Əli Hüseynli" teqi üzrə xəbərlər
- Rusiyada neokolonializmə dair beynəlxalq forum keçiriləcək
- “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirildi - FOTO
- Bu gün ölkəmizdə “Vəkil Günü” qeyd edilir
- Əli Hüseynli: “Artıq 20 ildir işləyən, formalaşmış seçki konfiqurasiyası özünü doğruldub”
- MSK dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirir