Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Elin Süleymanov ABŞ-dakı soydaşlarımıza erməni təxribatı ilə bağlı müraciət etdi
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Report”un yerli bürosuna müsahibə verib.
Səfir müsahibəsində ABŞ-da yaşayan həmvətənlərimizi təmkinli olmağa və erməni təxribatına uymamağa çağırıb.
“ABŞ-da yaşayan hər bir soydaşımıza, hər bir vətəndaşımıza müraciət edərək bildiririk ki, təhlükəsizlik məsələlərinə həssaslıqla, ehtiyatla yanaşsınlar. Bu gün erməni radikal dairələrdən kifayət qədər real təhlükə var və xahiş edirəm, hər hansı bir şübhə olsa, təhlükə yaransa, dərhal yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlasınlar, Azərbaycanın Vaşinqtondakı səfirliyinə və ya Los-Ancelesdəki Baş konsulluğumuza xəbər versinlər.
Səfirliyimizdə 24 saat fəaliyyət göstərən “qaynar xətt” var. Xahiş edirəm, çəkinmədən, hansısa bir şübhə və təhlükə olsa, mütləq xəbər verin. Artıq bu mövzuda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciəti və bəyanatı olub, hamıdan xahiş və tövsiyə edirəm ki, onunla tanış olsun.
Gəlin, heç bir təxribata uymayaq. Ermənilər bu gün haqlı olan Azərbaycan xalqını və soydaşlarımızı müxtəlif təxribatlara çəkmək istəyirlər. İstəyirlər ki, Azərbaycan vətəndaşları təxribata uysun, zorakılığa məruz qalsın və qarşıdurmada iştirak etsin. Bundan çəkinmək, heç bir təxribata və zorakılığa uymamaq lazımdır. Bu, Azərbaycan üçün vacibdir və bu təxribatlar Vətənimiz üçün heç bir fayda verməyəcək”.
Səfir qeyd edib ki, son günlər dünyanın müxtəlif ölkələrindəki diplomatik missiyalarımıza, vətəndaşlarımıza və soydaşlarımıza qarşı intensiv zorakılıq və hücum kampaniyaları aparılır: “Bu məsələdə yenə də sizdən təmkinli olmağı xahiş edirəm. Hansısa bir aksiya və tədbirdə iştirak edirsinizsə, hüquq və qanun çərçivəsində davranmağı vacib hesab edirik. Yalnız və yalnız əvvəlcədən icazə alınmış və təhlükəsizliyi tam təmin olunmuş, heç bir qarşıdurmaya gedilməyən aksiyalarda iştirak etmək lazımdır.
Gördüyünüz kimi, Los-Anceles şəhərində baş verən aksiyada şəhər rəhbərliyi, polis kifayət qədər laqeyd yanaşdılar və aksiyada iştirak edən vətəndaşlarımızın təhlükəsizliyini tam təmin etmədilər. Belə halların heç bir şəkildə təkrarlanmasını istəmirik, ona görə də, hər kəsi təmkinli olmağa çağırıram”.
Digər bir məsələ isə erməni lobbisindən və Azərbaycana qarşı çıxan digər qruplar tərəfindən yalan xəbərlərin və uydurma məlumatların yayılmasıdır: “Onlar bizim vətəndaşlarımızın birliyini pozmaq və onları bir-birindən ayırmağa çalışırlar. Bunlara uymamaq lazımdır. Bu, yalnız səngərdə gedən bir müharibə deyil, eyni zamanda informasiya müharibəsidir. Təmkinli olmaq, təxribata imkan yaratmamaq, yalnız və yalnız təsdiq olunmuş, doğru məlumatlara güvənmək vacibdir”.
Səfir bildirib ki, rəsmi missiyanın önündə duran əsas prioritet ondan ibarətdir ki, vətəndaşlarımız və soydaşlarımız heç bir zorakılığa məruz qalmasınlar və onlara heç bir ziyan dəyməsin: “Mən yenə də Los-Anceles şəhərindəki erməni təxribatının qurbanına çevrilmiş qəhrəman və cəsur soydaşlarımıza təşəkkür edir, xəsarət alanlara isə şəfa diləyirəm. Eyni zamanda, şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, ailələrinə səbir diləyirəm”.