Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü keçirilib.
Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bu səfərin ölkələr arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib və münasibətlərin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
11:12
Bu gün Azərbaycan prezidentinin iqamətgahında ölkəyə rəsmi səfərə gələn Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycan prezidenti türkiyəli həmkarını qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə də raport verdikdən sonra iki ölkənin dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan dövlət və hökumət nümayəndələri R.T.Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub. Prezidentlər rəsmi foto çəkdiriblər.
Daha sonra prezidentlər arasında təkbətək görüş başlayıb.