Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Erməni KİV: Ermənistan Azərbaycanla şərti sərhəddə terrorçularını yerləşdirir - VİDEO
“Hazırda Ermənistanda vəziyyət 90-cı illərdə olduğundan qat-qat mürəkkəbdir”.
Ermənistan KİV xəbər verir ki, bu barədə “Yerkrapa” terror təşkilatının sədri Sasun Mikayelyan bildirib.
Onun sözlərinə görə, bu gün “Yerkrapa”nın üzvləri Ermənistan-Azərbaycan şərti sərhədinin bütün uzunluğu boyunca daim müdafiə xəttindədirlər.
“2020-ci ildə “Yerkrapa”nın 1200 könüllüsü döyüş vəzifəsini yerinə yetirib, 2022-ci ildə artıq 1700 nəfər idik, keçən il səkkiz mindən çox “Yerkrapa” könüllüsü eyni vaxtda döyüş növbətçiliyində iştirak edib. “Yerkrapa” bəzi mövqelərdə iki növbə ilə xidmət edir, bunu da nəzərə alsaq, artıq 10 mindən çox üzvümüz var. Bu, ciddi rəqəmdir, hərbçilər məni başa düşərlər”, - deyə Mikayelyan bildirib.
Mikayelyan əmin edib ki, “Yekrapa” əvvəlki kimi öz missiyasını yerinə yetirir və sərhədlərin qorunmasında fəal iştirak edir.
“Hazırda ölkədə parçalanma var, xalq 4-5 yerə bölünüb, hamı bir-birini satqın hesab edir, belə bir şəraitdə sərhədi necə qoruya bilərik? Mən heç kimi qorxutmaq istəmirəm, amma indi tükdən asılıyıq”, - deyə o bildirib.
Birliyə çağıran Mikayelyan qeyd edib ki, könüllülərin sayı artmalıdır, peşəkar ordu yaratmağa vaxt və imkan vermək üçün sərhədi saxlamaq lazımdır.