Ermənistan Antikorrupsiya Komitəsi 2019-cu ildə baş vermiş hadisə ilə bağlı ölkənin üçüncü prezidenti Serj Sarqsyanın ölkədən çıxışını məhdudlaşdırıb.
Oxu.Az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Sarqsyanın vəkili Amram Makinyan özünün "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
Makinyan bildirib ki, ölkədən çıxmamaq haqqında iltizam yeni ittiham əsasında tətbiq edilib. Antikorrupsiya Komitəsi dünən gecə Sarqsyanın yenidən çağırılmasının zəruri olduğunu bəyan edib. Vəkilin sözlərinə görə, bu qərar məhkəmənin sabiq prezidentin ölkədən çıxışına qadağa qoyulması barədə prokurorluğun tələbindən imtinası səbəbindən verilib.
Ermənistan Respublikaçılar Partiyası (ERP) sədrinin müavini Armen Aşotyan özünün "Facebook" səhifəsində canlı yayımda bildirib ki, Sarqsyanın ittiham olunduğu hadisə mərhum iş adamı Mixail Baqdasarovun ifadələri ilə bağlıdır. Belə ki, onun ifadələri səhv tərcümə edilməsi səbəbindən təhrif olunub. Daha sonra Baqdasarov üzləşdirmə zamanı bunları təkzib edib.